Bakı Ekspo Mərkəzində oktyabrın 1-də açılan 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. Sərgidə maraqla ziyarət edilən pavilyonlardan biri ICESCO-nun Bakı Regional Ofisinin stendidir.
Bu barədə ICESCO-nun Bakı Regional Ofisindən məlumat verilib.
Bildirilib ki, sərgi boyunca ICESCO-nun stendi dialoq və fikir mübadiləsi üçün mərkəzə çevrilib. Burada ziyarətçilər beş ölkənin nəşrləri ilə tanış olur, elmi və ədəbi irs mövzusunda müzakirələr aparır ICESCO-nun təhsil, elm və mədəniyyət sahələrindəki təşəbbüsləri barədə daha ətraflı məlumat əldə edirlər.
ICESCO-nun Bakı Regional Ofisinin direktoru Dr. Abdulhakim Al Sənan qeyd edib ki, bu yüksək maraq ICESCO-nun missiyasına artan diqqətin göstəricisidir: “Stendimiz insanlarla ünsiyyət qurmaq, ideyaları paylaşmaq və oxu, bilik mübadiləsi mədəniyyətini təşviq etmək üçün canlı bir platformaya çevrilib”.
Yeddi gün davam edəcək sərgi çərçivəsində 220-dən çox tədbir keçiriləcək. ICESCO-nun stendinə göstərilən böyük maraq bu məkanın mədəni qarşılıqlı əlaqə və intellektual dialoq üçün nə qədər vacib olduğunu bir daha göstərir.