Oktyabrın 3-də XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada “Mərakeş və Küveyt ədəbiyyatı guşələrinin” açılış mərasimi keçirilib. Açılışda Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi, Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi, Küveyt Milli Kitabxanasının direktoru Seham Alezam, Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu və digər şəxslər iştirak ediblər.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov bu günədək kitabxanada 20 ölkənin ədəbiyyat guşəsinin açıldığını bildirib. Onun sözlərinə görə, Bakı beynəlxalq kitab sərgiləri çərçivəsində müxtəlif ölkələrin ədəbiyyat guşələrinin Milli Kitabxanada açılması ənənə halını alıb. Bu gün isə Milli Kitabxanada Mərakeş Krallığının Milli Kitabxanasının və Küveyt Milli Kitabxanasının ədəbiyyat guşələri açılıb. Bu guşələrin özəlliyi ondadır ki, hər hansı ölkənin mədəniyyəti, tarixi, ədəbiyyatı, coğrafiyası və adət-ənənələri ilə maraqlanan oxucular ondan faydalana bilirlər. Həmçinin hər bir guşənin önündə həmin ölkənin Milli Kitabxanasına birbaşa çıxışı təmin edən kompüterlər quraşdırılıb. Oxucular bu vasitələrlə həmin ölkənin zəngin kitab fondundan yararlanırlar. Direktor ədəbiyyat guşələrinin daim yenilənəcəyini və oxucuların tələbatını tam təmin edəcəyini bildirib.
Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi qeyd edib ki, Mərakeş ədəbiyyatı guşəsi Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında dərinləşən mədəni əməkdaşlıq və dostluğun göstəricisidir. O, ədəbiyyat guşəsinin Mərakeşin minilliklərə söykənən qədim tarixindən müasir dövrümüzə qədər çoxrəngli mədəniyyətinə açılan pəncərə olduğunu deyib.
Küveyt Milli Kitabxanasının direktoru Seham Alezami 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasında Küveyt ədəbiyyat guşəsinin açılmasının sevindirici hal olduğunu qeyd edib. Küveytin zəngin və rəngarəng irsini və mədəniyyətini nümayiş etdirən bu təşəbbüsün iki dost xalq arasında mədəni əməkdaşlığı daha da möhkəmləndirəcəyini söyləyib.
Türkiyə Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu çıxışında oktyabrın 2-də Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalandığını xatırladaraq, Azərbaycan Milli Kitabxanasında artıq mövcud olan Türkiyə ədəbiyyatı guşəsinin gələcəkdə daha da genişlənəcəyini və yeni ədəbiyyatlarla zənginləşəcəyini vurğulayıb.
Sonra Mərakeş Krallığının Milli Kitabxanasının və Küveyt Milli Kitabxanasının ədəbiyyatı guşələrinin açılışı olub.