Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub.

Mədəniyyət Nazirliyi ilə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə gerçəkləşən səfərin məqsədi Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etməkdir. 

Nümayəndə heyəti paytaxt Seulda keçirilən “EdTech 2025” sərgisində iştirak edib, Koreya Müasir İncəsənət Muzeyində maarifləndirici proqramlarla tanış olub. Koreya Mədəniyyət, Məzmun və Yaradıcılıq Agentliyində (KOCCA) keçirilən görüşlərdə yaradıcı kontentin beynəlxalq mübadiləsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

Proqram çərçivəsində nümayəndələr həmçinin ölkənin aparıcı elm və innovasiya mərkəzi KAIST Universitetini ziyarət ediblər. Burada onlara “Startup KAIST” proqramı təqdim olunub, mədəniyyət və texnologiyanın uğurlu nümunəsi sayılan layihələr barədə məlumat verilib.