Ölkəmizdə səfərə gələn Polşa Milli Assambleyasının nümayəndə heyəti və Polşanın Azərbaycandakı səfiri Pavel Radovski Bakı Slavyan Universitetində (BSU) olublar.

BSU-dan bildirilib ki, rektor Anar Nağıyev qonaqlarla görüşdə ölkələrimiz arasında əlaqələrin tarixi kökləri olduğunu qeyd edib. Vurğulayıb ki, Polşa və Azərbaycan arasında dövlətlərarası əlaqələrin inkişafı təhsil sahəsində, o cümlədən universitetlər arasında əlaqələrin inkişafı üçün də yeni imkanlar açır.

Rektor BSU-nun Qafqazda polyak dili və polonistika sahəsində əsas mərkəz olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, növbəti ilə BSU-da polyak dilinin tədrisinə başlanılmasının 30 ili tamam olacaq. Universitetdə polyak dili iki ixtisasda – tərcümə və regionşünaslıq ixtisaslarında tədris olunur. Son illərin statistikası göstərir ki, tələbələr arasında polyak dilinə maraq ilbəil artır.

Universitetdə fəaliyyət göstərən "Polşa tədris və mədəniyyət mərkəzi"nin fəaliyyəti barədə məlumat verən rektor bildirib ki, mərkəzin xidmətlərindən tələbələrlə yanaşı, Polşa ilə maraqlanan, bu istiqamətdə tədqiqat aparan digər şəxslər də istifadə edə bilirlər. Ötən illər ərzində mərkəzdə Azərbaycan dilindən polyak dilinə, polyak dilindən isə Azərbaycan dilinə kitabların tərcüməsi həyata keçirilib.

Universitetin Polşanın elm və təhsil müəssisələri ilə əlaqələrinə gəlincə, BSU hazırda Adam Marşalek Nəşriyyat Qrupu, Polşa Milli Akademik Mübadilə Agentliyi, Varşava, Lodz, Poznan, Torun, Seçin universitetləri ilə sıx əməkdaşlıq edir. Hazırda universitetdə 100 tələbənin polyak dilini öyrəndiyini diqqətə çatdıran Anar Nağıyev BSU tələbələrinin, professor müəllim heyətinin Polşada keçirilən yay məktəblərində fəal iştirak etdiyini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Pşemışlav Vitek BSU-nun rektoru Anar Nağıyevə polyak dilinin və mədəniyyətinin öyrənilməsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu sahədə əməkdaşlığa töhfə vermək istədiklərini vurğulayıb.

Görüş zamanı təhsil sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar "Polşa tədris və mədəniyyət mərkəzi"nin fəaliyyəti ilə tanış olublar.