Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında “Zal qızı Zalxa” musiqili komediyasının (bəstəkar Əməkdar incəsənət xadimi Cavanşir Quliyev) məşqlərinə başlanılıb.
Teatrın direktoru Aqil Bəhramlı “Şərəf” ordenli Xalq artisti Afaq Bəşirqızının 70 illik yubileyi münasibətilə hazırlanan bu səhnə əsərinə görə həm yubilyarı, həm də yaradıcı heyəti təbrik edib, onlara uğurlar arzulayıb.
Afaq Bəşirqızı göstərilən xüsusi diqqət üçün sənət ocağının rəhbərliyinə və kollektivə təşəkkür edib. O, Prezident mükafatçısı Samir Qulamovun yeni quruluş və yozumunda təqdim ediləcək tamaşanın maraqla qarşılanacağına əmin olduğunu bildirib.
Aktrisa bu əsərə mərhum rejissor, Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun (Oruc Qurbanov) 2007-ci ildə quruluş verdiyi tamaşada da Zal qızı Zalxa obrazını oynadığını xatırladıb.
Samir Qulamov da yeni səhnə işi ilə bağlı ona göstərilən etimadı doğruldacağını vurğulayaraq, teatr rəhbərliyinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələrdən bəhs edən tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, Prezident mükafatçıları Hüseyn Əlili, Ülviyyə Əliyeva, aktyorlar Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Telnaz Hüseynova, Gültac Əlili, Ofeliya Məmmədova, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Nərmin Əliyeva, Türkel Tariqpeyma, Nigar Qarayeva, Cəbrayıl Cəbrayılov iştirak edəcəklər.
Səhnə əsərinin quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Nigar Şahmuradova, xormeysteri Məlahət Qasımova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Məmmədova, rejissor assistenti Razimə İsmayılovadır.