Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq" əsəri əsasında yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsəri "Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin Tədbirlər planı çərçivəsində, dövlət sifarişi ilə hazırlanır.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sahib Əhmədovdur. Geyim üzrə rəssam Günay Hidayətova, işıq üzrə rəssam Rəfael Vaqifoğlu, musiqi tərtibatçısı Ənvər Sadıqov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Cavanşir), Əli Nur (Şamil), Mehriban Zəki (Zəhra), Sabir Məmmədov (Əkrəm), Əməkdar artistlər Mətanət Atakişiyeva (Suğra), Ayşad Məmmədov (Kamil), aktyorlar Rüstəm Rüstəmov (Zöhrab), Elnur Qədirov (Vasif), Nigar Güləhmədova (Nailə), Rada Nəsibova (Nazilə), Cümşüd Zeynalov (İşıqçı), Məhsəti Tahirzadə (Qız), Elçin Nurəliyev (Aktyor), Əliulla Vəliyev (Operator) rol alıblar.

Bəhram Osmanov “Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq” tamaşası haqqında belə deyib: "Tamaşanın qəhrəmanları məhəbbət barədə bir-biri ilə mübahisə aparırlar. Bu mübahisədə gərginlik də yaranır. Onlar başa düşürlər ki, heç bir hörmət, maddi rifah məhəbbəti əvəz etmir. Hətta anlayırlar ki, məhəbbət göz yaşları gətirir. Amma yenə də onu axtarır, ona doğru can atırlar. Bu axtarışda ailələr dağılır, faciələr baş verir. İnsan həmişə məhəbbət axtarır, ona doğru can atır. Tapanda sevinir, xoşbəxt olur. Məhəbbət puç olanda isə kədərlənir, dərdə düşür, kövrəlir, ağlayır. Təəssüf ki, daim arzulanan məhəbbət insana sonradan göz yaşı bəxş edir.

Tamaşanın qəhrəmanları bu ideyanın daşıyıcılarıdır. Onlar ömürlərinin yarısını yaşamış olsalar belə, hələ də çatmadıqları məhəbbəti axtarırlar. Ailə sahibləridirlər, bəzilərinin hətta yetkinlik yaşına çatmış övladları da var. Amma məhəbbət yoxdur...

Bayquş əsasən xarabalıqda peyda olur. Ya da lap qədimlərdə deyildiyi kimi, bədbəxtlik gətirir. Demək, bu yaşayış məntəqəsi gələcəkdə xarabaya çevrilə bilər. Çünki sakinləri sanki zombiləşiblər. İşləsələr də, özlərinə yaxşı şərait qursalar da, yenə də qəlblərində boşluq hökm sürür. Məhəbbət yoxdur. Əgər qəhrəmanlar ömürlərini mənasız bir boşluqda yaşayıblarsa, onlardan törəyən nəslin taleyi necə olacaq? Həmin nəsil necə yaşayacaq? Təəssüf ki, suallar çox vaxt cavabsız qalır".

Tamaşanın premyerasının noyabr ayında keçirilməsi planlaşdırılır.