Azərbaycan Dövlət Uşaq Filarmoniyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Musiqi və sənət – uşaq qəlblərindən” adlı konsert-tamaşa keçirilib.

Filarmoniyadan verilən məlumata görə, tədbir çərçivəsində illi Musiqi Günü (18 sentyabr) münasibətilə uşaqların çəkdiyi rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib.

Dövlət Uşaq Filarmoniyasının binası qarşısında başlayan və interaktiv kompozisiya şəklində foyedə davam edən proqramda filarmoniyanın musiqi kollektivləri, xor, folklor rəqs ansamblı, xalq çalğı alətləri ansamblı, solistlər, gimnastlar və rəqqaslar çıxış ediblər. “Leyli və Məcnun” operasından səhnələr əsasında hazırlanan kompozisiya təqdim olunub. Proqramda  Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Konsert-tamaşanın baş rejissoru Günay Səttar, quruluşçu rejissorları Nəsimi Əliyev və Nigar Əliyeva, rəssamı Səriyyə Teymurovadır.