Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirildi. Ənənəvi musiqi bayramı bu il dahi bəstəkar, ictimai xadim, milli mədəniyyətimizin təşəkkülündə müstəsna xidmətləri olmuş Üzeyir Hacıbəylinin 140 illik yubileyinə təsadüf etdi.

Üzeyir Hacıbəyli Azərbaycan xalqın musiqi mədəniyyətinə, mədəni-maarif irsinə, o cümlədən uşaqların bədii təhsilinə əvəzsiz töhfələr verib. Bu sırada ilk uşaq mahnıları nümunələri, fortepiano pyesləri, dərsliklər, xalq mahnılarının işləmələri və kollektiv ifalar üçün çoxsaylı təşəbbüslərini misal gətirmək olar. Bütün bunları bilərək Üzeyir bəyin ruhunu yad etmək uşaqların da payına düşür. Onların Üzeyir musiqisi ilə tanışlığı, bəstəkarın ruhuna daha yaxın olması milli kimlik hissinin formalaşması istiqamətində müstəsna rol oynayır.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının (ADUF) ilk dəfə olaraq bütün kollektivləri ilə məhz 140 illik yubiley ilində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalına qatılması həm simvolik, həm də önəmli hadisə kimi yadda qalıb. Sentyabrın 26-da keçirilən “Musiqi və sənət – uşaq qəlblərindən” adlı konsert-tamaşada ilk olaraq diqqəti cəlb edən tədbirin fərqli formatda təqdim edilən maraqlı süjeti olub. Kollektivlər öz ifalarını Uşaq Filarmoniyası binası qarşısından başlayaraq interaktiv kompozisiya şəklində nümayiş etdiriblər.

İlk olaraq uşaqlardan ibarət nəfəsli alətlər ansamblının (bədii rəhbər Sərvan Mehdizadə) ifasında Dövlət Himnimiz səslənib. Ardınca Xalq artisti, dirijor, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə fəaliyyət göstərən Uşaq-gənclər xalq çalğı alətləri orkestri  Üzeyir Hacıbəylinin “Cəngi” və “Arşın mal alan” operettasından müqəddimə hissələrini səsləndiriblər.

Sonra ADUF-un direktoru Səidə Tağızadə musiqi bayramına gələn qonaqları binanın içərisinə dəvət edib.

Girişdə Üzeyir Hacıbəylinin əsərləri əsasında Uşaq Filarmoniyasının bədii rəhbəri Nigar Zeynalova, uşaq xor kollektivinin bədii rəhbəri Aysel Mehdizadə və uşaq folklor rəqs ansamblının bədii rəhbəri Məhəmməd Quliyevin birgə hazırladıqları maraqlı kompozisiya təqdim edilib.

Filarmoniyanın digər xor kollektivi ifası ilə tamaşaçıları filarmoniyanın 2-ci mərtəbəsinə dəvət edib. Musiqi sədaları altında hərəkət edən qonaqlar konsert zalının qarşısında yeni konseptdə hazırlanan maraqlı göstərinin şahidi olublar. Bu hissədə ilk olaraq “Koroğlu” operasından Ayan Bayramovanın ifasında (müəllim: Leyla Aslanova) “Xanəndə qızın mahnısı” səslənib. Leyla Muradzadənin rəhbərlik etdiyi xor kollektivi “Sədəf” xalq çalğı alətləri ansamblının (bədii rəhbər Qönçə Mehdiyeva, konsertmeyster Elmira Hümbətova) müşayiəti ilə kompozisiyanı tamamlayıb.

Səhnənin davamı olaraq Uşaq Filarmoniyasının solistləri Yusif Sadıxov və Mələkxanım Əsgərova (müəllim: xanəndə Elbrus Niftəliyev) “Leyli və Məcnun” operasından qısa duet səhnəsini canlandırıblar. Səbinə Cəlilovanın hazırladığı istedadlı gimnastlardan ibarət qrup “Leyli və Məcnun” operasından rəqs səhnəsini ifa edərək yerini iki aşiqin sevgi dastanını əks etdirən yeni kompozisiyaya verib. Xoreoqraf Günel Təhməzovanın quruluş verdiyi bu kompozisiyada Üzeyir Hacıbəylinin “Arazbarı”, “Sənsiz”, “I fantaziya - Qaytağı”, həmçinin “Leyli və Məcnun” operasında səslənən müxtəlif musiqi parçalarından istifadə olunub. Leyli obrazını Nigar Əlizadə, Məcnunu isə Kənan Zeynalov canlandırıblar.

Maraqla qarşılanan interaktiv hissənin təəssüratından ayılar-ayılmaz tamaşaçılar növbəti hissənin sehrinə düşüblər. Uşaq Filarmoniyasının solistləri konsert zalında akustik ifaları ilə proqrama yekun vurublar. Bu proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı, Cahangir Cahangirov və Niyazinin əsərlərindən ibarət ifalar təqdim olunub. Fortepiano, tar, kamança, fleyta, skripka alətlərində uşaqların (Abbasova İnci, İsazadə Duyğu, Nəsirli Nur, Quluzadə Hümeyrə, Nurəli Şövkət, Məmmədli Əsma, Qarayev Teymur, Terequlova Əmirə, Hüseynli Billur, Bayramlı Ayan, Nurəliyeva Mədinə, Heydərova Ayan, Məmmədzadə Həkimə, Əlizadə Leyla, Nuray Şahməmmədova) ifaları alqışlarla qarşılanıb. Proqramın aparıcısı Elmira Hümbətova olub.

Konserti izləyənlər arasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu  İdarəsinin İdarə heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru Xalq artisti Gülbacı İmanova, Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelevicius, İsrailin səfiri Ronen Kraus, Almaniya səfirliyindən nümayəndə Jens Lindemann kimi qonaqlar olub.

Konsert zalında uşaqların Milli Musiqi Günü (18 sentyabr) ilə bağlı təəssüratını əks etdirən rəsm sərgisi də nümayiş etdirilib (müəllimlər:Günay Qarayeva, Səriyyə Teymurova).

Ümumilikdə 100-dən artıq uşaq və gəncin iştirak etdiyi konsert-tamaşanın baş rejissoru Günay Səttar, quruluşçu rejissorlar Nəsimi Əliyev və Nigar Əliyeva, rəssam Səriyyə Teymurovadır.

Uşaq Filarmoniyası yalnız bir incəsənət qurumu olaraq deyil, həm də mədəniyyətin gələcəyinə töhfə verən təsisatdır. Gənc nəslin musiqi ilə tanış olmasını təmin etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, balaca artistlərin özünüifadə bacarıqlarını da inkişaf etdirir. Şübhəsiz ki, belə bir mötəbər festivalın bir parçası olmaq hər bir uşağın yaddaşında xoş təəssürat buraxacaq.