27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Dövlət Kukla Teatrında iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan yeganə azərbaycanlı, tank qoşunları general-mayoru Həzi Aslanova (1910–1945) ithaf olunmuş “İnnab ağacı” tamaşasının premyerası olub.
Tamaşaya Aslanovlar nəslinin nümayəndələri də baxıblar.
Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda qurulub.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, səhnə tərtibatçısı teatrın baş rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı tamaşada Həzi Aslanovun həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib.
Qəhrəmanların kukla obrazlarını teatrın aktyorları Rauf Babayev, Lina Məmmədova, Araz Həsənli və İqbal Əliyev yaradıblar.
Maraqla qarşılanan portret-tamaşanın nümayişindən sonra qəhrəmanın nəvəsi – Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov belə maraqlı təşəbbüsə və təsirli səhnə işinə görə teatrın rəhbərliyinə və yaradıcı heyətə təşəkkürünü bildirib. Vurğulayıb ki, unudulmaz sərkərdənin həyatına, keçdiyi döyüş yoluna nəzər olan kukla tamaşası general Həzi Aslanovu yetişən nəsillərə tanıtmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Oonaqlar yaradıcı heyətə Həzi Aslanov haqqında kitab hədiyyə ediblər.
Əsərin müəllifi Sevinc Nuruqızı da maraqlı və orijinal səhnə işinə görə teatra təşəkkür edib, yaradıcı heyətin tarixi irsimizə və ədəbiyyatımıza layiq zəngin repertuar tərtib etdiyini deyib.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qüdrətli sərkərdə, görkəmli hərbi xadim Həzi Aslanovun İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Onun göstərdiyi qəhrəmanlıqların hərb tariximizin şanlı səhifələri olduğunu xatırladan direktor uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda yetişməsi üçün belə nümunələrin repertuarda mütəmadi yer aldığını və “İnnnab ağacı”nın da bu ideyanın davamı olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının sifarişi ilə yazılan və İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80, Həzi Aslanovun 115 illiyinə həsr edilən “İnnab ağacı”nın ilk tamaşası bu il 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DemmeniFest” Kukla Teatrları Festivalında olub.