Tarixdəki olaylar

 

28 sentyabr 1773 – Rusiyada Yemelyan Puqaçovun rəhbərliyi ilə kəndli müharibəsi başlayıb. Uralda (Yatski şəhəri) başlanan üsyan geniş miqyas alıb. İmperatriçə II Yekaterina onun üzərinə qoşun hissələri göndərib. Üsyan yalnız 1774-cü ilin sonunda yatırıldı, 1775-ci ilin yanvarında Puqaçov və yaxın silahdaşları Moskvada edam edildilər.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

28 sentyabr 1573 – İtalyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 1573 – 18.7.1610) anadan olub. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.

 

28 sentyabr 1803 – Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee; 1803 – 23.9.1870) anadan olub. Yazıçının “Karmen” novellası əsasında bəstəkar Jorj Bize opera yazıb, “Matteo Falkone” novellası əsasında Azərbaycan rejissoru Tofiq Tağızadə film (1960) çəkib.

 

28 sentyabr 1915 – Rus teatr rejissoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Georgi Aleksandroviç Tovstonoqov (1915 – 23.5.1989) Tbilisidə anadan olub.

 

28 sentyabr 1924 – İtalyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni; 1924 – 19.12.1996) anadan olub.

 

28 sentyabr 1953 – Xalq artisti Əjdər Qüdrət oğlu Həmidov (1953 – 24.11.2020) Şabran rayonunda anadan olub. Sumqayıt teatrında çalışıb, 1990-cı ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

 

28 sentyabr 1978 – Görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908 – 1978) vəfat edib. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” və s. romanların müəllifidir.

 

28 sentyabr 1985 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Cavan (Hüseyn Mikayıl oğlu Əliyev; 1916–1985) vəfat edib.

Hazırladı: Vüqar Orxan