Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” adlı sərgi açılıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iki ölkə arasında mədəni dialoqun inkişafına mühüm töhfə vermək və qarşılıqlı mədəni mübadilə ənənəsini davam etdirmək məqsədi daşıyır.
Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon, Tacikistan Milli Muzeyinin direktoru Zəfərşo İbrohimzoda Safo, deputatlar – Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr qrupunun üzvləri, mədəniyyət, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycan və tacik xalqları arasında əsrlərə söykənən dostluq və mədəni əlaqələrdən bəhs edilib, bu sərginin iki ölkə arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvolizə etdiyi vurğulanıb.
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova deyib: “Azərbaycan və tacik xalqları əsrlər boyu həmrəylik və dostluq ruhunda yaşayıblar. Azərbaycan ilə Tacikistan arasında mədəni bağların dərin tarixi kökləri var və hər iki ölkənin müstəqillik əldə etməsindən sonra möhkəm təməl üzərində qurulan bu əlaqələrin fonunda paytaxtlarımızda keçirilən sərgilər mədəniyyət sahəsində sıx əməkdaşlığın təzahürüdür”.
Diqqətə çatdırılıb ki, sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zərif tikmələr nümayiş olunur. Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim edilir. Bunlara Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 eksponat – örtüklər, “çakan” geyimlər, canamazlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri aiddir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutur.
Həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrə və müasir dövrə aid eksponatlar – xovlu və yastı toxunmuş xalçalar, kilimlər, bədii metal işləri, tikmə nümunələri, eləcə də Xalq rəssamı Eldar Mikayılzadə və yamaq ustası Xalidə Nəsirovanın əsərləri nümayiş etdirilir.
“Bugünkü sərgimiz birgə təşəbbüslərin, mədəni dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın nəticəsidir”, - deyən Əminə Məlikova əlavə edib ki, tacik tikmə dünyası” sərgisi sizi zəngin tarixi, bədii-estetik dəyərləri və incə zövqü ilə seçilən tacik xalq sənəti dünyasına səyahətə dəvət edir.: "Tacikistanın müxtəlif bölgələrindən olan rəssamların əsərləri ilk dəfə olaraq Azərbaycan ictimaiyyətinə təqdim olunur. Bugünkü sərgi Azərbaycan və Tacikistan arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvollaşdırır".
Tacikistan Milli Muzeyinin direktoru Zəfərşo İbrohimzoda Safo deyib: “Biz ənənəvi tikmə sənətinin geniş çeşidli nümunələrini gətirmişik: xüsusi növ divar asma xalısı, kilimlər, canamaz (namaz xalçaları), dəstərxanlar taciklərin gündəlik həyatında hər zaman mövcuddur. Tacikistanın hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri var. Burada Kanibadam və Kulyab, Pəncəkənd və Hatlon, Bədəxşan tikmələri arasındakı bölgüləri görə bilərsiniz. Bu onu deməyə əsas verir ki, tikmə xalq arasında dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biridir”.
Tacikistanın muzey direktoru əlavə edib ki, sərgi üçün eksponatlar seçərkən, onlar ölkənin hər bir bölgəsinə öz sənətini nümayiş etdirməyə imkan verəcək şəkildə “gülduzi” çeşidlərini nümayiş etdirmək imkanlarına diqqət yetiriblər.
Təşkilatçıların sözlərinə görə, “Tacik tikmə dünyası” 2025-ci il mayın 20-də Düşənbədəki Tacikistan Milli Muzeyində keçirilən və böyük marağa səbəb olan “Azərbaycan incəsənət incilərində yaşayan milli irs” sərgisinin məntiqi davamıdır. Hər iki xalqın mədəniyyətində rast gəlinən dizayn müsəlman üslubu kimi də tanınır, ona görə də demək olar ki, “Tacik tikmə dünyası” adlı sərgimiz Xalça Muzeyinin əsas kolleksiyasını davam etdirir və indi vahid məkanda bir araya gətirilən bu qədim sənətlərə əlavə müqəddəs mənalar gətirir.
Sərgidə Tacikistandan tikmə ustası Malohat Mirzoyevanın “gülduzi”nin yaradılması prosesini nümayiş etdirdiyi ustad dərsi də keçirilib. Videoçarxlar nümayiş etdirilib.
Azərbaycan və Tacikistan incəsənət ustalarının ifasında musiqili çıxışlar da olub, ənənəvi tacik mətbəxinin təamları təqdim edilib.
Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzədilir. Onların üzərindəki hər bir naxışın - nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. Qeyd edək ki, 2018-ci ildə Tacikistanın “Çakan” tikmə sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.
Sərgi oktyabrın 25-dək davam edəcək.