Belarus Milli İncəsənət Muzeyində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, müasir mənzərə rəngkarlığının dahi ustası Səttar Bəhlulzadənin (1909–1974) əsərlərindən ibarət sərginin açılışı olub.
“Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” adlı sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Belarus Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.
Ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş nümunələr – sənətkarın doğma vətənin əsrarəngiz təbiət mənzərələrinə həsr olunmuş 30-dək rəngkarlıq və qrafika əsəri nümayiş olunur.
“Mavi səmada”, “Qafqaz ahəngləri”, “Çiçəklənən heyva”, “Romantik dağlar”, “Bilgəh”, “Göygöl”, “Məcnun” və digər əsərlər rəssamın poetik-fəlsəfi baxışlarını, rəng harmoniyasına incə yanaşmasını və bənzərsiz üslubunu tamaşaçılara təqdim edir.
Ekspozisiya sənətsevərlərə Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətindəki misilsiz yerini, yaradıcılıq fəlsəfəsini və təkrarsız bədii dünyasını kəşf etmək imkanı yaradır.
Sərgi 24 noyabr 2025-ci il tarixinədək davam edəcək.