Sentyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert proqramı təqdim olunub.
Konsertdə dirijor Hakan Şensoyun (Türkiyə) rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestri və solist Şefika Kutluer (fleyta, Türkiyə) çıxış edib.
Şefika Kutluer Arif Məlikovun “Fleyta, arfa və timpani üçün konsertino”sunu ifa edib.
Orkestrin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”, Qara Qarayevin “İki rəqs”, türk bəstəkarı Kenan Durulun “Zulül” (işləyəni Oğuzhan Balcı) və rus bəstəkarı Dmitri Şostakoviçin “Simli orkestr üçün simfoniya”sı (op.110) səslənib.
Sonda solist Şefika Kutluer Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” əsərini bis olaraq ifa edib.
Konsert musiqisevərlər tərəfindən gur alqışlarla qarşılanıb.