Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi Festivalı sentyabrın 24-də Şamaxıda – "Nəsimi bağları" kompleksində bədii proqramla davam edib. Həmin gün axşam burada Fikrət Əmirovun "Nəsimi dastanı” baletinin yeni quruluşda təqdimatı olub.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar mütəfəkkir şairin Azərbaycanın ədəbiyyat və  mənəviyyat tarixində yerindən söz açıb. Vurğulayıb ki, Nəsiminin yaradıcılığı həm dilimizin zənginləşməsinə, həm də xalqımızın mənəvi dəyərlərinin formalaşmasına böyük təsir göstərib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov festivalın əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, festival Nəsimi irsinin qorunub saxlanılması və şairin yaradıcılığının müxtəlif incəsənət növlərində təqdim edilməsində mühüm rol oynayır.

"Nəsimi dastanı"nın yeni quruluşunun müəllifi, tanınmış balet artisti, teatr rejissoru və prodüseri Andris Liepa bildirib ki, bu əsər Nəsiminin yaradıcılığının mənəvi və estetik dəyərlərini tamaşaçılara çatdırmaq məqsədilə xüsusi hazırlanıb. O vurğulayıb ki, baletin yeni quruluşunda xoreoqrafiya və musiqi həlli şairin ideyalarını müasir incəsənət dili ilə ifadə etməyə imkan yaradır.

Səhnədə Rüfət Xəlilzadənin bədii rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı “Sufi” rəqsini təqdim edib.

Əməkdar artist Sevda Ələkbərzadə “Mərhaba, xoş gəldin” deyə, müğənni Çingiz Mustafayev isə “Qafil, oyan” mahnısı ilə tamaşaçıları salamlayıblar.

Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu, müğənni Aysel, Əməkdar artist Elnur Mikayılov (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında “Dönməzəm” dinlənilib.

Sonra “Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi olub.

Fikrət Əmirovun ölməz əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin (dirijor Əməkdar artist Əyyub Quliyev) müşayiəti ilə balet truppasının ifasında təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Andris Liepa, quruluşçu xoreoqrafı müxtəlif ölkələrdə fərqli truppalarla işləmiş Patrik De Banadır.

Xatırladaq ki, Fikrət Əmirovun “Nəsimi dastanı” baletinin libretto müəllifi yazıçı Anardır. Balet ilk dəfə 1973-cü il sentyabrın 23-də nümayiş olunub və tamaşaçıların böyük rəğbətini qazanıb. 1974-cü ildə əsər Azərbayan Dövlət Mükafatına layiq görülüb.