Almaniyanın Nürnberq şəhərində yerləşən Türk Tarixi və Mədəniyyətləri Muzeyində "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin həyata keçirdiyi "Qərbi Azərbaycan sənətkarlığı" layihəsi başa çatıb.
İctimai birlikdən verilən məlumata görə, Azərbaycanın zəngin mədəni irsinin avropalılara tanıdılması məqsədilə 5 gün ərzində bu şəhərdə yerləşən "Obyektiv" Mədəniyyət Mərkəzində, Türk Teatrında, Mədinə Dərnəyində müxtəlif tədbirlər keçirilib.
Tədbirlər zamanı Azərbaycanın tanınmış tətbiqi sənət ustaları Lalə, Toğrul, İsgəndər Sərdarlıların əl işləri yerli sənətsevərlərə nümayiş etdirilib. Onların hazırladığı mücrülər, digər dekorativ tətbiqi sənət nümunələri tanıdılıb.
Tədbirlər çərçivəsində şəhərdəki Türk Teatrının təşkilatçılığı ilə Azərbaycan-Türkiyə musiqi gecəsi də keçirilib.
"Qərbi Azərbaycan sənətkarlığı" layihəsinin Almaniya mərhələsinə həsr edilmiş tədbirlərə sonuncu İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani də qatılıb.