Sentyabrın 23-də başlayan 3-cü Nəsimi Festivalı çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində “Zamansız və məkansız” adlı sərgi açılıb.

Ekspozisiya Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova açılış sözündə Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə bu unikal sərginin təşkilinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında və Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri ilə yanaşı, ekspozisiyada Türkiyənin aparıcı mədəniyyət mərkəzlərindən olan Ankaradakı Etnoqrafiya Muzeyi, İstanbul Türbələr Muzeyi və Konyadakı Mövlanə Muzeyindən gətirilmiş 17 nadir eksponat nümayiş olunur.

Əminə Məlikovanın sözlərinə görə, bu, əlamətdar hadisədir, çünki bu kolleksiyadan olan əsərlər təkcə muzeydə deyil, ümumiyyətlə, Azərbaycanda ilk dəfə təqdim edilir.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin zəngin irsinin təkcə Azərbaycanda deyil, bütün Şərqdə, İslam aləminin geniş bir məkanında tanındığını bildirib. Qeyd edib ki, Nəsiminin yaradıcılığı altı əsrdən artıq müddətdə bir çox ədəbi və düşüncə cərəyanlarının inkişafına güclü təsir göstərib. Nəsiminin ideyaları Anadoluda da – Mövlana Cəlaləddin Ruminin yaradıcılığında öz əksini tapıb. Rumi sonralar sufizm ideyalarının və hürufilik fəlsəfəsinin əsaslarını qoyub və onu inkişaf etdirib.

Nazir müavini əlavə edib ki, bugünkü təqdimat Azərbaycan ilə Türkiyənin ortaq mədəni irsinin parlaq nümunəsi, həmçinin xalqlarımız arasında mənəvi dialoqun rəmzidir.

Sərgidə Nəsiminin poeziyası, onun dini-fəlsəfi ideyaları, həmçinin sufilik ənənələri müxtəlif incəsənət növlərinin sintezi vasitəsilə təqdim olunur. Bunun üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir sənət əsərləri seçilib.

Ekspozisiya Nəsiminin poeziyasını, onun dini-fəlsəfi ideyalarını və sufi ənənələrini müxtəlif incəsənət növlərinin sintezi vasitəsilə əks etdirir. Ziyarətçilər XVII–XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitablar və digər qiymətli eksponatlarla tanış ola bilərlər. Həmin sənət incilərinin hər biri sufi dünyagörüşünün izlərini özündə yaşadaraq, sufiliyin və hürufiliyin əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi yaxınlaşmasını və ruhi yüksəliş məqamlarını izah edir.

Sərgi Azərbaycan və Türkiyə arasında tarixi və mənəvi bağları vurğulayan, eyni zamanda, İmadəddin Nəsiminin poeziyası və fəlsəfəsinin müasir dövrdə də aktuallığını göstərən mühüm mədəni hadisədir.

Ziyarətçilər ekspozisiyanı bir ay ərzində – oktyabrın 23-dək izləyə biləcəklər.