AMEA-nın Tarix və Etnologiya İnstitutunda 2025-ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına həsr olunmuş elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları institutun cari il üzrə etnoqrafik ekspedisiyalarının yekunlarına dair sərgi ilə tanış olublar.

Konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq, akademiyanın tarixində ilk dəfə təşkil olunan etnoqrafiya və etnologiya üzrə sərgini yüksək qiymətləndirib. 

“Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı Türk dünyası ilə əlaqələrin öz ailəmizin qayğıları qədər əhəmiyyətli olduğunu cəmiyyətin nəzərinə çatdırmışdır”, - deyən akademik İsa Həbibbəyli bu istiqamətdə AMEA-da müxtəlif addımların atıldığını, türkologiya şöbəsi olmayan institutlarda profilə uyğun yeni şöbələrin açıldığını, o cümlədən Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin bazasında Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin yaradıldığını söyləyib.

AMEA rəhbəri XXI əsrin çağırışlarına əsasən etnologiya elminin gündən-günə şaxələndiyini deyib. Qeyd edib ki, AMEA-nın Tarix İnstitutunun Tarix və Etnologiya İnstitutu adlandırılması tamamilə düzgün qərardır və nəticələri ilə özünü doğrultmaqdadır.

Bildirilib ki, Tarix və Etnologiya İnstitutunda hazırda etnoqrafiya ilə məşğul olan 40-dan çox alim fəaliyyət göstərir. AMEA tarixində ilk dəfə etnologiyaya aid jurnal təsis olunub və yaxın günlərdə nəşrin təqdimatı keçiriləcək.

Sonra Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov keçirilən etnoqrafik ekspedisiyalar haqqında danışıb, yeni təsis olunan “Azərbaycan etnologiyası” jurnalının nəşri barədə məlumat verib.

İnstitutun elmi katibi Bəhmən Əliyev “Azərbaycan etnologiya elminin inkişafında etnoqrafik ekspedisiyaların rolu” mövzusunda məruzəsini təqdim edib.