Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Yubiley ilinə töhfə olaraq gənc bəstəkar Rüzgar Əhmədzadə “Üzeyir bəy – 140. Tək dahi” adlı əsərini təqdim edib.
Əsər tanınmış tarzən, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə tərəfindən Üzeyir Hacıbəylinin Ev-Muzeyində ifa olunaraq lentə alınıb.
Rejissoru Natiq Muxtarov olan layihə sentyabrın 18-də, Üzeyir bəyin doğum günündə ictimaiyyətə təqdim edilib.
Bəstəkar Rüzgar Əhmədzadə bildirib ki, əsər Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunsa da, dahi sənətkarın musiqisindən sitat gətirilməyib. Əksinə, Üzeyir bəyin musiqi dili və üslubundan ilhamlanaraq yazılıb. Kiçik “Rast” girişindən sonra təqdim olunan əsas mövzu əsərin ideyasını açır”.
Bəstəkar öncə əsərin tar üçün yazılmasını qərara alıb. Bunun səbəbi tar alətinin “Leyli və Məcnun” operasında təklik və tənhalıq rəmzi kimi təqdim olunmasıdır.
“Dahi – təkcə gözəl incəsənət nümunələri yaradan deyil, millətin gələcəyinə işıq salan şəxsiyyətdir. Buna görə də o, Azərbaycan musiqi tarixində “tək dahi”dir. Əsərin ifasına gəlincə. Tar üçün yazılmış bu əsəri ifa edən Sahib Paşazadə Azərbaycan bəstəkarlıq məktəbinə, gənclərə hər zaman göstərdiyi diqqət və dəstəyini bir daha təsdiqləyərək peşəkarlığı ilə layihəni yüksək səviyyədə ərsəyə gətirib”, – deyə müəllif bildirib.
Qeyd edək ki, müasir dövrdə həm ölkəmizdə, həm də xaricdə bəstəkar əsərlərinin ən böyük təbliğatçısı və interpretatoru kimi tanınan Əməkdar artist Sahib Paşazadə əsərə özünəməxsus ifaçılıq üslubu ilə yanaşıb. O əsərdə tar ifaçılığına məxsus maraqlı elementlər və ştrixlərdən geniş istifadə edib. Tarzən layihə haqqında düşüncələrində deyir: “Bəstəkar əsəri mənə təqdim edəndə böyük məmnunluqla qəbul etdim. Tarın imkanlarından geniş istifadə edərək əsəri dahi bəstəkarın əziz xatirəsinə böyük sevgi və dərin ehtiramla ərməğan etdik”.
Əsəri https://www.youtube.com/watch?v=VXvyVfsn82A linki vasitəsilə izləmək olar.