Sentyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi" adlı konsert keçirilib.
Konsertdən əvvəl çıxış edən Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov dahi bəstəkarın yaradıcılığının xalqımızın mədəni yaddaşındakı əhəmiyyətindən danışıb.
Rafael Hüseynov qeyd edib ki, Azərbaycan xalqının iki böyük dahisi – Üzeyir Hacıbəyli və Müslüm Maqomayev – illərdir xalqımızın qəlbində əbədi yaşayır. XX əsrin əvvəllərindən etibarən bu sənətkarlar Azərbaycan mədəniyyətinin, musiqisinin və mənəviyyatının inkişafı yolunda əvəzsiz xidmətlər göstərib, milli dəyərlərimizi zənginləşdirərək yeni nəsillərə ötürüblər.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestri Qazaxıstan Milli Akademik Simfonik Orkestrinin baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Əməkdar incəsənət xadimi Kanat Omarov idarə edib.
Proqram Üzeyir Hacıbəylinin “Koroğlu” operasından "Uvertüra" ilə başlayıb. Ardınca Türkmənistan, Qırğızıstan, Başqırdıstan, Qazaxıstan, Tatarıstan, Türkiyə və Özbəkistan bəstəkarlarının əsərləri səsləndirilib.
Daha sonra Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) çıxış edib. Solistlər Əməkdar artist Ramil Qasımov və vokalçı Nigar Əsgərova olublar.
Sonda Ramil Qasımovun ifasında görkəmli bəstəkar Müslüm Maqomayevin 1929-cu ildə yazdığı “Radio marşı" səslənıb. Mahnının sözləri Rafael Hüseynova məxsusdur.