Tarixdəki olaylar

 

22 sentyabr 1908 – Bolqarıstan Osmanlı imperiyasının tərkibindən çıxaraq müstəqilliyini elan edib. XIV əsrin sonundan Osmanlının nəzarətinə keçən Bolqarıstan 1877–1878-ci illərin Rusiya-Türkiyə müharibəsindən sonra muxtar knyazlıq statusu almışdı.

 

22 sentyabr 1960 – Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Mali müstəqilliyini elan edib. Mali 1890-cı ildən Fransanın nəzarətində (Fransa Sudanı adı ilə) idi.

 

22 sentyabr 1980 – İraq-İran müharibəsi başlayıb. İraq qoşunları İranla sərhəddə Şatt əl-Ərəb çayını nəzarətə götürməsi müharibənin faktiki səbəblərindən idi. 8 il sürən və iki tərəfdən 1 milyondan çox insanın öldüyü müharibədə qalib olmadı. İki ölkənin sərhədində 1980-ci ilədək mövcud olan status-kvo bərpa edildi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

22 sentyabr 1694 – İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield; 1694 – 24.3.1773) anadan olub.

 

22 sentyabr 1875 – Rəssam, bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus Çurlonis (Mikalojus Konstantinas Ciurlionis; 1875 – 10.4.1911) anadan olub.

 

22 sentyabr 1909 – İlk azərbaycanlı kinorejissorlardan Səməd Həşim oğlu  Mərdanov (1909 – 6.8.1939) anadan olub. 1939-cu ildə “Kəndlilər” bədii filmini çəkib. Tanınmış  aktyor Mustafa Mərdanovun qardaşıdır.

 

22 sentyabr 1924 – Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseyn oğlu Hüseynov (1924–2017) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.

 

22 sentyabr 1929 – Publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929 – 16.5.2005) anadan olub. Türkiyədə M.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyinə 1955-ci ildən rəhbərlik edib, dərnəyin “Azərbaycan” jurnalının redaktoru olub.

 

22 sentyabr 1929 – Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 – 30.11.1997) anadan olub.

 

22 sentyabr 1938 – Əməkdar incəsənət xadimi, tarzən-pedaqoq Oqtay Süleyman oğlu Quliyev (1938 – 6.4.2021) Ağdamda doğulub. Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri kafedrasının professoru olub.

 

22 sentyabr 1938 – Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed; 1938 – 13.6.1986) anadan olub.

 

22 sentyabr 1947 – Əməkdar mədəniyyət işçisi Atababa İsmayıl oğlu Hacıbabayev (1947 – 18.9.2022) anadan olub. Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

 

22 sentyabr 1964 – Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (1876–1964) vəfat edib. “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.

 

22 sentyabr 2024 – Əməkdar artist, xanəndə Kifayət Gəncəli (Məmmədova; 2.11.1937 – 2024) vəfat edib.

 Hazırladı: Vüqar Orxan