Hərb tarixçisi, tanınmış yazıçı-publisist, Prezident təqaüdçüsü Şəmistan Nəzirli sentyabrın 20-də, 83 yaşında vəfat edib.
Şəmistan Əmiraslan oğlu Nəzirli 1942-ci il avqustun 12-də Ermənistan SSR-nin Noyemberyan rayonunun (Qərbi Azərbaycanın Loru nahiyəsi) Yuxarı Körpülü kəndində anadan olub. Əslən Qazax rayonundandır.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində ali təhsil alıb. 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edib.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri, "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri, Müdafiə Nazirliyinin Hərbi-elmi tədqiqatlar və tarix idarəsində şöbə müdiri kimi fəaliyyət göstərib.
Azərbaycanın hərb tarixi, tanınmış azərbaycanlı generalların həyatına dair kitabların müəllifidir.
2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdü.
Allah rəhmət eləsin.