Tarixdəki olaylar

 

21 sentyabr 1964 – Britaniyanın müstəmləkəsi olan Malta müstəqilliyini elan edib. Aralıq dənizindəki ada-dövlət Malta 1800-cü ildə ingilislərin nəzarətinə keçmiş və burada Britaniyanın hərbi dəniz bazası qurulmuşdu. Müstəqillik əldə etsə də, Malta formal olaraq Britaniya Birliyinə daxildir.

 

21 sentyabr 1991 – Rusiya və Qazaxıstan prezidentləri Boris Yeltsin və Nursultan Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsinin sahmanlanmasına vasitəçilik etmək təşəbbüsü ilə Bakıya gəliblər. Bakıdakı görüşlərdən sonra Dağlıq Qarabağa (Xankəndi), oradan isə Yerevana gedən Rusiya və Qazaxıstan rəhbərləri sentyabrın 23-də Jeleznovodsk şəhərində (Rusiya, Stavropol diyarı) Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünü təşkil etdilər. 

 

21 sentyabr 1992 – Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindəki Rusiya (keçmiş SSRİ) Sərhəd Qoşunlarının sonuncu hissələri bölgəni tərk etməyə başlayıblar. Naxçıvandakı 75-ci motoatıcı diviziyanın çıxarılması barədə Rusiya hərbçiləri ilə razılaşma Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə həmin ilin avqustunda əldə olunmuşdu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

21 sentyabr 1865 – Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, rejissor, teatr təşkilatçısı Cahangir Məşədi Rza oğlu Zeynalov (1865 – 22.10.1918) anadan olub. XX əsrin əvvəllərində “Nicat”, “Səfa” və “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib.

 

21 sentyabr 1866 – İngilis yazıçısı Herbert Vells (Herbert George Wells; 1866 – 13.8.1946) anadan olub. Elmi-fantastik əsərlərin müəllifidir: “Zaman maşını”, “Gözəgörünməz adam”, “Aləmlərin savaşı”, “Qarışqalar səltənəti” və s.

 

21 sentyabr 1911 – Məşhur sovet aktyoru və estrada müğənnisi, Rusiyanın Xalq artisti  Mark Bernes (1911 – 16.8.1969) anadan olub.

 

21 sentyabr 1938 – Şairə, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938 – 20.12.2014) Bakıda doğulub. Azərbaycan Televiziyasının diktoru olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Var olun, qızlar...” filmində çəkilib.

 

21 sentyabr 1947 – Əməkdar mədəniyyət işçisi Nizami Tahir oğlu Məmmədov (1947 – 16.9.2021) Naxçıvan şəhərində doğulub. Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

 

21 sentyabr 1982 – Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 24.3.1898 –1982) vəfat edib. Akademik Dram Teatrında çalışıb. “Qızmar günəş altında”, “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan