
Sentyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil olunan “Tacik tikmə dünyası” adlı sərgi açılacaq.
Milli Xalça Muzeyindən verilən məlumata görə, sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zərif tikmələr nümayiş olunacaq. Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycanda ilk dəfə təqdim ediləcək.
Kolleksiyaya Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri daxildir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutacaq.
Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzədilir. Onların üzərindəki hər bir naxışın, nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. 2018-ci ildə Tacikistanın “Çakan” tikmə sənəti UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçiriləcək sərgi iki ölkə arasında mədəni əməkdaşlıq və dialoqun inkişafına önəmli töhfədir. Bu layihə mayın 20-də Düşənbədə keçirilmiş “Azərbaycanın milli irsi incəsənət incilərində yaşayır” sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə ənənələrinin daha da möhkəmləndiyini göstərir.
Sərgi bir ay – oktyabrın 25-dək davam edəcək.