Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı (18–28 sentyabr) bu il, paytaxt Bakı ilə yanaşı, ölkənin bir sıra şəhər və rayonlarını da əhatə edir.

Sentyabrın 18-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim edilib.

Əvvəlcə fllarmoniyanın binası önündə, açıq havada orkestr və xorun ifasında Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr səslənib.

Sonra proqram filarmoniyanın zalında davam edib.

Gəncə Dövlət Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə çıxış edərək bu tədbirin həm ölkəmizin mədəni həyatı, həm də beynəlxalq səviyyədə mədəniyyət əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyəti olduğunu söyləyib.

Filarmoniyanın Xalq çalğı alətləri dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini və digər milli musiqi nümunələrini ifa edib. Orkestrin bədii rəhbəri və dirijoru Xəyal Qəhrəmanovdur.