Tarixdəki olaylar
19 sentyabr 1985 – Meksikanın paytaxtı Mexiko şəhərində baş verən 8,1 bal gücündə zəlzələ nəticəsində, rəsmi məlumatlara görə, 10 mindən çox insan həlak olub, 30 minə yaxın adam yaralanıb.
19 sentyabr 1992 – Soçi şəhərində Rusiya müdafiə nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşündə atəşkəsə dair razılıq əldə olunub. Tərəflər silahlı əməliyyatların iki ay ərzində (müddətin daha sonra uzadılması şərtilə) dayandırılması barədə anlaşma imzalayıblar. Rusiyanın vasitəçiliyinin arxasında sonradan münaqişə bölgəsində hərbi (sülhməramlı) kontingentinin yerləşdirilməsi niyyəti də vardı. Lakin anlaşma erməni tərəfin günahı üzündən tezliklə pozuldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
19 sentyabr 1911 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983) Vilyam Cerald Qoldinq (William Gerald Golding; 1911 – 19.6.1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəstdüşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
19 sentyabr 1973 – Tanınmış teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (7.9.1914 – 1973) vəfat edib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.
19 sentyabr 1992 – Görkəmli şərqşünas, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın ərəbşünas, professor Aida Nəsir qızı İmanquliyeva (10.10.1939 – 1992) vəfat edib. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.
19 sentyabr 1995 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922 – 1995) vəfat edib. Operettaların, filmlərə musiqilərin, populyar mahnıların müəllifidir. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
19 sentyabr 2016 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Ələkbər Rauf oğlu Kazımovski (10.7.1953 – 2016) vəfat edib.
Hazırladı: Vüqar Orxan