Sentyabrın 18-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Şuranın üzvləri və Medianın İnkişafı Agentliyinin icraçı direktoru iştirak ediblər.

Agentliyin son dövrdə həyata keçirdiyi fəaliyyətlər, əməkdaşlıq istiqamətində atılan addımlar və təşkil edilən beynəlxalq tədbirlərin əhəmiyyəti müzakirə olunub. Yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan mühüm beynəlxalq layihələrin təşkilinə dair fikir mübadiləsi edilib.

Müzakirələr zamanı rəqəmsal transformasiya dövründə medianın yeni reallıqları, informasiya mühitində yaranan çağırışlar və bu şəraitdə davamlı inkişafın təmin olunması yolları diqqət mərkəzində olub. Şura üzvləri media sektorunda müasir yanaşmaların tətbiqi, innovativ imkanların dəyərləndirilməsi və beynəlxalq təcrübədən faydalanmağın vacibliyini vurğulayıblar.

Agentliyin gələcək fəaliyyət istiqamətləri, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.