Sentyabrın 17-də İstanbulda dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-ə start verilib.
Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Sənaye və Texnologiya Nazirliyinin təşəbbüsü ilə 13-cü dəfə keçirilən festival çərçivəsində müsabiqələrə ümumilikdə 565 mindən çox komanda və 1 milyon 100 min iştirakçı müraciət edib.
Festivalda 58 əsas və 137 alt kateqoriya üzrə yarışmalarda ilkin mərhələni keçən komandalar ümumilikdə 85 milyon lirədən artıq maddi dəstək əldə edəcəklər. Yarışmada qalib gələnlərə ümumilikdə 65 milyon lirədən çox mükafat veriləcək.
Qeyd edək ki, bu il ilk dəfə Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunan festival daha sonra “TEKNOFEST Mavi Vətən” bölməsi ilə İstanbulda ziyarətə açılıb. Türkiyənin qədim dənizçilik irsini yerli və milli texnologiyalarla birləşdirən “TEKNOFEST Mavi Vətən” təxminən 175 min ziyarətçini qəbul edib.
Ötən illərdə müxtəlif tədbirləri ilə təxminən 11 milyon ziyarətçini qəbul edən TEKNOFEST-də bu dəfə də maarifləndirici ustad dərsləri, simulyasiya təcrübə zonaları, planetarium, elm şouları, "Zaman tuneli", milli dəniz, quru və hava texnikasının sərgisi, yarmarkalar və şagirdlər üçün xüsusi ilk uçuş proqramları kimi bir çox təcrübə təqdim olunacaq.
Bundan əlavə, TEKNOFEST İstanbul həm də aviasiya və müdafiə sənayesinin hava nümayişlərinə ev sahibliyi edəcək. Festivalda “SOLOTÜRK” və “Türk Ulduzları”nın şouları ilə yanaşı, “F-16” qırıcı təyyarələri də uçuş edəcək. Tədbirdə, həmçinin Türkiyənin müdafiə sənayesinin qürur mənbələrindən olan “ATAK” helikopterlərinin, “Hürkuş” təyyarəsinin, “ANKA”, “Bayraktar TB2”, “Bayraktar TB3” və “Bayraktar AKINCI” tipli pilotsuz uçuş aparatlarının da nümayişi nəzərdə tutulur.
13-cü TEKNOFEST sentyabrın 21-dək Atatürk Hava Limanının ərazisində davam edəcək.