Azərbaycan klassik musiqisinin və milli bəstəkarlıq məktəbinin banisi, publisist, dramaturq, musiqişünas, pedaqoq Üzeyir Hacıbəyli milli mədəniyyət tariximizin ən uca zirvələrindən biridir. Onun zəngin irsi – operaları, operettaları, mahnıları, publisistik məqalələri, musiqi nəzəriyyəsinə dair əsərləri – xalqımızın mədəniyyət xəzinəsinin əbədi dəyəridir. Onun musiqisindəki milli ruh, humanizm və vətənpərvərlik ideyaları Azərbaycan xalqının mədəni kimliyinin ayrılmaz hissəsidir.
Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı "Üzeyir Musiqi Günü”nün qeyd olunması haqqında fərmanla 18 sentyabr – dahi bəstəkarın doğum günü milli musiqi bayramı kimi qeyd edilir. Musiqi bayramı milli kimliyimizin, zəngin mədəniyyətimizin təntənəsidir. Hər il 18 sentyabrda başlanan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da dahi bəstəkarın xatirəsinə dərin ehtiramın nümunəsidir.
Bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi də dövlət səviyyəsində qeyd edilir. Prezident İlham Əliyevin 5 mart 2025-ci il tarixində imzaladığı sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Ölkəmizdə və xaricdə elmi konfranslar, konsertlər, sərgilər keçirilir, yeni nəşrlər işıq üzü görür.
Bu yubiley çərçivəsində bp şirkətinin (Böyük Britaniya) sponsorluğu ilə Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcovun və muzey əməkdaşlarının birgə təşəbbüsü və əməyi nəticəsində nəşrlər hazırlanaraq işıq üzü görüb.
Bunlar “Uşaqlara hədiyyə” – səs və fortepiano üçün mahnılar, “Vokal silsilə” – səs və fortepiano üçün klavir, “Unudulmaz incilər” (partituralar) və dahi bəstəkarın xatirəsinə həsr olunmuş yeni nəşr – “Ömür albomu” adlı kitablardır.
Dörd toplunun hər biri Üzeyir bəyin yaradıcılığını müxtəlif nəsillərə tanıtmaq məqsədi daşıyır.
Birinci kitabda (“Uşaqlara hədiyyə”) uşaqlar üçün nəzərdə tutulmuş musiqi parçaları, ikinci kitabda (“Vokal silsilə”) səs və piano üçün nəzərdə tutulmuş klavirlər, üçüncü kitabda (“Unudulmaz incilər”) bəstəkarın ən dəyərli partituraları toplanıb. Bu əsərlər musiqi məktəbləri və geniş oxucu auditoriyası üçün əvəzsiz qaynaqdır.
Nəfis tərtibatda nəşr olunmuş “Ömür albomu” Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını, musiqi irsini və ictimai fəaliyyətini əks etdirir. Kitabda bəstəkarın ömür yolunun müxtəlif mərhələləri, pedaqoji və publisistik fəaliyyəti, həmçinin Azərbaycan musiqisinin inkişafına verdiyi əvəzsiz töhfələr sənədli faktlar və zəngin foto-illüstrasiyalar əsasında təqdim olunur.
Bu kitabı yalnız oxumaq yox, hiss etmək, düşünmək və yaşamaq lazımdır. Burada təqdim olunan hər sənəd, hər musiqi parçası xalqın yaddaşını oyadır. Kitabda yalnız bəstəkarın sənətkar portreti deyil, həm də milli mədəniyyətimizin bütöv bir epoxası öz əksini tapıb. “Ömür albomu” həm musiqişünaslar, həm də geniş oxucu kütləsi üçün dəyərli mənbədir.
Bu xüsusda bp şirkətinin Azərbaycanın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi işinə mühüm töhfəsini də vurğulamaq gərəkdir. Şirkət illərdir ölkəmizdə sosial və mədəni layihələrə dəstək göstərir, Üzeyir Hacıbəylinin yubileyi münasibətilə çap olunan kitablar da bunun bariz nümunəsidir.
Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə işıq üzü görən nəşrlər bir daha təsdiq edir ki, böyük bəstəkarın yaradıcılığı ölməzdir, zamanları aşaraq gələcək nəsillərə yol göstərən əbədi bir mayakdır.
Nərgiz Qədirova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin elmi katibi