Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Azərbaycana rəsmi səfər edib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağı Prezident İlham Əliyev qarşılayıb.
Avtomobillə Şuşaya yola düşən dövlət başçıları Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.
Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi olub.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib.
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə təkbətək görüşü olub.
***
Prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Milli Xalça Muzeyinin Şuşa filialında olublar.
Ali qonağa filialın fəaliyyəti barədə məlumat verilib. Bildirilb ki, Milli Xalça Muzeyinin Şuşa filialı XIX əsrə aid tarixi binada yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı.
Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. İndi burada vaxtilə təxliyə olunmuş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Muzeydə ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.
Dövlət başçıları Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə də tanış olublar. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov görülən işlər barədə məlumat verib.
***
Prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə “Ərgünəş” adlı Qarabağ atını hədiyyə edib.
Sentyabrın 16-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın şərəfinə rəsmi nahar verilib.
***
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli cənab Prezident, əziz qardaşım.
Azərbaycana, Qarabağa xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək. Biz Sizinlə həm Azərbaycanda, həm də Birləşmiş Ərəb Əmirliklərində tez-tez görüşürük. Siz keçən il iki dəfə Azərbaycana səfər etmisiniz. Bu il bir neçə ay bundan əvvəl mən Sizin ölkənizə səfər etmişəm. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir.
Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır.
Digər investisiyayönümlü layihələr üzərində işləyirik. Bugünkü nümayəndə heyətlərinin tərkibi özlüyündə bir göstəricidir. Bu göstərir ki, bizim əlaqələrimiz nə qədər çoxşaxəlidir, nə qədər dərindir, səmimidir və məhsuldardır.
Əziz qardaşım, Qarabağa səfər etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azərbaycana, Qarabağa xoş gəlmisiniz!
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan çıxış edərək deyib:
- Əziz qardaşım, cənab Prezident.
Dost ölkənizə səfər etməyim və Sizinlə görüşməyim məni həqiqətən çox sevindirib. Qonaqpərvərliyinizə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü görüşümüz bizim bu il ərzində üçüncü görüşümüzdür. Həqiqətən bizim bu ilin iyul ayında Əbu-Dabidəki görüşümüz çox səmərəli və ikitərəfli əməkdaşlığımızın yeni mərhələsinin əsası oldu. İnşallah, ikitərəfli əməkdaşlığımız və əlaqələrimiz, dostluğa, xeyir-bərəkətə əsaslanan münasibətlərimiz ölkələrimizin və xalqlarımızın rifahının daha da artması istiqamətində davam edəcəkdir.
Qardaşım, cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər ötən onilliklər ərzində ardıcıl inkişaf etmişdir və xüsusilə də qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artmışdır.
İyul ayında ölkələrimiz hərtərəfli iqtisadi əməkdaşlıq haqqında Saziş imzalamışdır. Bu sənəd iqtisadi əlaqələrimizə yeni bir təkan vermişdir. İnşallah, bizim müştərək iqtisadi hədəflərimizi həyata keçirmək üçün onun çox böyük təsiri olacaqdır. Biz Birləşmiş Ərəb Əmirliklərində bu əməkdaşlığı genişləndirməyə davam etməkdə maraqlıyıq, ələlxüsus da inkişaf sektoruna aid olan iqtisadiyyat və bərpaolunan enerji, qida təhlükəsizliyi, həmçinin mədəniyyət sahələrində və əlbəttə ki, digər əhəmiyyətli sahələrdə. Çünki bu sahələr bizim gələcəyimiz üçün çox böyük nəticələr vəd edir.
Cənab Prezident, dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq.
Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, enerji sahəsində əməkdaşlığımızda indiyədək əldə etdiyimiz irəliləyişlər məni çox sevindirir. Şübhə yoxdur ki, bu gün ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış Bəyannamə hər iki tərəfin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirir.
Cənab Prezident, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mədəniyyət sahəsində əməkdaşlığın böyük əhəmiyyəti var. Belə ki, bu sahə ikitərəfli əlaqələri inkişaf etdirməyin mühüm istiqamətidir. Çünki hər iki ölkə mədəni mübadilənin xalqlararası münasibətlərin və əməkdaşlığın körpüsü olduğuna inanmaqla, öz zəngin, çoxnövlü mədəni mirasını qorumaqda maraqlıdır.
Qardaşım, cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bu münasibətlə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazır olduğunu bir daha vurğulayırıq.
Çıxışımın sonunda qardaşım, cənab Prezident, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkürümü bildirir, dost ölkənizə və xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram. Çox sağ olun.
***
Sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.
***
Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısının Azərbaycana rəsmi səfəri sentyabrın 16-da başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı yola salıb.