Xəbər verdiyimiz kimi, tanınmış teatr və kino aktyoru, respublikanın Xalq artisti Hacı Murad Yagizarov sentyabrın 13-də, 86 yaşında Münxen şəhərində (Almaniya) müalicə aldığı xəstəxanada vəfat edib. O bir neçə il idi ki, Almaniyada yaşayırdı. 

Azərbaycan dövlətinin dəstəyi ilə sentyabrın 16-da sənətkarın cənazəsi Bakıya gətirilib.

Təzəpir məscidində vida mərasimi keçirilib.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, o cümlədən uzun illər yaradıcı fəaliyyət göstərdiyi Akademik  Rus Dram Teatrından həmkarları, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Cənazənin yanında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulub.

Mərhumun ruhuna dualar oxunub.

Sentyabrın 16-da Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn olunub.

"Xalq artisti Hacı Murad Yagizarovun vəfatı Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir. Murad müəllim həm kino, həm də teatr sahəsində unudulmaz obrazlar yaratmış görkəmli bir aktyordur. Mənim bəxtim gətirib ki, onunla həmkar olmuşam", – bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri, Əməkdar artist Oleq Əmirbəyov deyib.

O qeyd edib ki, Hacı Murad Yagizarov səhhətindəki problemlərə görə bir müddət Bakıya gələ bilməyib: “Vəfat etdikdən sonra Azərbaycan dövlətinin dəstəyi ilə onun nəşi Vətənə gətirildi və burada da dəfn olundu”.