Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universitetinin Klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev dövlətimizin başçısına yaradılan şərait barədə məlumat veriblər.
Bildirilib ki, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar veriləcək. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısı Qarabağ Universitetinin Klinikasının binasında yaradılmış şəraitlə tanış olub. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.
***
Prezident İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verib.
Qeyd edək ki, kənd Silahlı Qüvvələrimizin iki il əvvəl (19-20 sentyabr 2023-cü il) həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.
İndiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb.
Dövlətimizin başçısı kəndə köçmüş Zaur Rzayevin evində olub, ailə üzvləri ilə söhbət edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olub.
Dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verilib.
Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.
Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-si yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. İndiyədək kəndə 9 ailə (31 nəfər) köçüb.
Dövlətimizin başçısı kəndə köçən Rasim Ələkbərovun evində oldu, ailə üzvləri ilə söhbət etdi.
***
Dövlətimizin başçısı sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində də olub.
Kənddə görülmüş işlər barədə məlumat verilib.
Qeyd edək ki, bu kənd də Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulması işləri icra olunub.
Daşbulaqda 195 ev var. Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 ev bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq. İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.
Dövlətimizin başçısı kəndə köçən Məzahir Novruzovun evində olub, ailə üzvləri ilə söhbət edib.
***
Prezident Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub.
Məlumat verilib ki, burada Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək.
***
Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində də olub.
Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır.
İndiyədək kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Kəndin ərazisində ümumilikdə 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb.
Dövlətimizin başçısı kəndə köçmüş Barat Novruzovun evinə baş çəkib, ailə üzvləri ilə söhbət edib.