Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Saatlı Tarix-Diyarşünaslıq Muzeyində tanınmış şair-publisist, müharibə və əmək veteranı Qənbər Əhmədlinin “Şairəm, mənim də öz sözüm var” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Saatlı rayonundan Milli Məclisin deputatı Razi Nurullayev, Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev, Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Təqdimatda çıxış edənlər Qənbər Əhmədlinin yaradıcılığında milli-mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik ruhunun tərənnümü kimi məziyyətlərini qeyd edib, müəllifin yeni kitabını gənc nəslə və ədəbi-mədəni həyatımıza dəyərli töhfə kimi səciyyələndiriblər. Qeyd olunub ki, kitab milli dəyərlərimizi, Zəfər tariximizi tərənnüm edən, şəhid və qazilərimizin qəhrəmanlığını əks etdirən şeirlər toplusudur.
Müəllif çıxış edərək qonaqlara təşəkkürünü bildirib.
Qənbər Əhmədli regionun mədəni həyatında səmərəli fəaliyyətinə və yaradıcılığı ilə ədəbi prosesin inkişafına verdiyi töhfələrə görə Mil-Muğan RMİ-nin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri fərmanı ilə təltif olunub.
Şairin həyat və yaradıcılığı haqqında sənədli film nümayiş etdirilib.
Qonaqlar muzeyin ekspozisiyası ilə də tanış olublar.
Nurəddin