135 illik zəngin sənət tarixi olan Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə yeni yaradıcılıq hədəfləri ilə başlayır.
Teatrdan verilən məlumata görə, bu barədə sentyabrın 1-də kollektivin yığıncağında ətraflı söhbət açılıb.
Teatrın direktoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın (RF) Əməkdar artisti Laləzar Hüseynova kollektivi yeni sənət mövsümünün başlanması münasibətilə təbrik edib. O, ötən mövsüm ərzində teatr kollektivinin gördüyü işlərə və əldə etdiyi nailiyyətlərə diqqət çəkərək, yaradıcı heyətin fəaliyyətini yüksək qiymətləndirib.
Bildirib ki, yeni mövsüm teatr kollektivi qarşısında daha böyük yaradıcılıq məqsədləri və məsuliyyətli vəzifələr qoyur. Repertuarın zənginləşdirilməsi, tamaşaların bədii və peşəkar səviyyəsinin daha da yüksəldilməsi, yaradıcı heyətin potensialından səmərəli istifadə olunması və tamaşaçı auditoriyasının genişləndirilməsi qarşıda duran mühüm vəzifələrdir.
Direktor yaradıcı heyətə yaradıcılıq axtarışlarında yeni nailiyyətlər və məhsuldar fəaliyyət arzulayıb.
Tədbirdə ötən mövsüm ərzində nümayiş etdirilən tamaşalar, keçirilən mədəni-kütləvi tədbirlər, müxtəlif əlamətdar və tarixi günlərlə bağlı hazırlanan səhnə proqramları diqqətə çatdırılıb.
Teatrın şöbə müdirləri çıxış edərək yeni mövsümdə görülməsi nəzərdə tutulan işlər, fəaliyyət planları barədə məlumat veriblər.
Çıxışlarda vurğulanıb ki, yeni teatr mövsümü yaradıcılıq baxımından daha uğurlu etmək üçün kollektivin hər bir üzvünün üzərinə düşən vəzifəyə məsuliyyətlə yanaşması vacibdir. Yaradıcı təşəbbüslərin dəstəklənməsi və peşəkar fəaliyyətin davam etdirilməsi bu günün əsas prioritetlərindəndir.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrı mövsümü yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” tamaşası ilə açmağı planlaşdırır.
























