Tarixdəki olaylar

 

14 sentyabr 1920 – Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetirilib. Xiyabaninin başçılığı ilə Təbriz üsyanı həmin ilin aprelində qələbə çalmış, iyunda Milli Hökumət qurulmuşdu. Sentyabrın 12-də irtica qüvvələrinin Təbrizə hücumu başlamışdı. Xiyabaninin qətli ilə Cənubi Azərbaycan türklərinin istiqlal mübarizəsinin daha bir səhifəsi qapandı.

 

14 sentyabr 1973 – Bakıda Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 600 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib. Yubileyə dünyanın 30-dək ölkəsindən qonaqlar qatılıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyev mərasimdə çıxış edib.

 

14 sentyabr 1991 – Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib. Qurultay Azərbaycan KP-nin özünü buraxması haqqında qərar qəbul edib. Partiyanın əmlakı respublika və yerli hakimiyyət orqanlarına verilib. “Avqust qiyamı”nın (19-21 avqust – Moskvada “QKÇP” dövlət çevrilişi cəhdi) iflasından sonra SSRİ-də kommunist hakimiyyətinə faktiki olaraq son qoyulmuşdu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

14 sentyabr 1321 – İtalyan şairi Dante Aligyeri (Dante Alighieri; 15.5.1265 – 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm”, “Əraf”, “Cənnət”) ibarətdir.

 

14 sentyabr 1618 – Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely – Pieter van der Faes; 1618 – 30.11.1680) anadan olub.

  

14 sentyabr 1898 – Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898 – 24.9.1994) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “On iki stul” (1976) və s.

 

14 sentyabr 1911 – Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911–1980) Naxçıvan MR Şahbuz rayonu Sələsüz kəndində anadan olub.

 

14 sentyabr 1939 – Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 – 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Televiziyada ekranlaşdırılmış “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” pyeslərinin, povest və hekayələrin müəllifidir.

 

14 sentyabr 1939 – Əməkdar artist, vokal ifaçısı İsmayıl Sadıq oğlu Ələkbərov (1939–2021) Bakıda doğulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

 

14 sentyabr 1941 – Əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkir oğlu Bəkirzadə (1941 – 21.9.1996) Bakıda doğulub. “Azərbaycanfilm” kinostudiyasında sənədli və bədii filmlərə (“Rəqiblər”, “Yol əhvalatı”) quruluş verib.

 

14 sentyabr 1942 – Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880, Qəbələ – 1942) Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib. Yazıçının “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib.

 

14 sentyabr 1949 – Əməkdar artist Sona Qədir qızı Mirzəyeva (1949 – 27.8.1985) Bakıda doğulub. İrəvan Dövlət Azərbaycan, Naxçıvan teatrlarının aktrisası olub. 

 

14 sentyabr 1992 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 15.6.1924 – 1992) vəfat edib. Azərbaycan Aşıqlar Birliyinin sədri olub.

 

14 sentyabr 1992 – Əməkdar artist, vokal ifaçısı (bariton) Əli Həsən oğlu Haqverdiyev (29.7.1939 –1992) vəfat edib. Azərbaycan Opera və Balet Teatrının solisti olub, filmlərdə çəkilib.

 

14 sentyabr 2017 – Əməkdar incəsənət xadimi, ustad saz ifaçısı, aşıq Ədalət Məmmədəli oğlu Nəsibov (27.1.1939 – 2017) vəfat edib.

 

14 sentyabr 2021 – Əməkdar artist, tanınmış müğənni, bəstəkar Yaqub Zurufçu (8.4.1956 – 2021) vəfat edib.

 Hazırladı: Vüqar Orxan