Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyində bu yaxınlarda 82-ci Venesiya Beynəlxalq Film Festivalında nümayiş olunmuş “Boşluğa xütbə” filminin (rejissor Hilal Baydarov) yaradıcı heyəti ilə görüş keçirilib.
Görüş zamanı filmin Venesiya festivalında və ümumilikdə beynəlxalq kino aləmində doğurduğu maraq müzakirə edilib. Eyni zamanda gələcək əməkdaşlıq imkanları və Azərbaycan kinematoqrafiyasının beynəlxalq aləmdə tanıdılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Sonda filmin rejissoru Hilal Baydarova Azərbaycan kinematoqrafiyasının inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.
Tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filmi 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” (Out of Competition Fiction) bölməsində təqdim olunub. Ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan ədəbiyyatının, təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük əhəmiyyət kəsb edir. Dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.
Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayıblar.
***
Xatırladaq ki, 82-ci Venesiya kinofestivalı 27 avqust – 6 sentyabr tarixlərində keçirilib.
Festivalın baş mükafatı – “Qızıl şir” amerikalı rejissor Cim Carmuşun (James Robert Jarmusch) “Ata, ana, qardaş, bacı” filminə (ABŞ, İrlandiya, Fransa, İtaliya, Yaponiya kinematoqrafçılarının birgə işi) verilib.
Böyük Jüri mükafatı – “Gümüş şir” tunisli xanım rejissor Kaouther Ben Hanianın “Hind Rəcəbin səsi” (The Voice of Hind Rajab) filminə (Tunis, Fransa) təqdim olunub. Ekran əsəri İsrail hərbi qüvvələri tərəfindən Qəzza bölgəsində 5 yaşlı fələstinli qızın (Hind Rəcəb) öldürülməsindən bəhs edir.