Xəbər verdiyimiz kimi, Xalq yazıçısı, tanınmış kinodramaturq Maqsud İbrahimbəyovun (1935–2016) anadan olmasının 90 illiyi münasibətilə Nizami Kino Mərkəzində ədibin ssenari müəllifi olduğu filmlərə retrospektiv baxış keçirilir.
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən retrospektiv baxışın ilk günü, sentyabrın 10-da “Bizim Cəbiş müəllim” filmi (1969) nümayiş olunub.
Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, retrospektiv proqramda “Uşaqlığın son gecəsi”, “Truskavetsə kim gedəcək?” və “Dəniz” filmləri də yer alıb. O, yazıçının həyat yoldaşı Anna İbrahimbəyovaya müəllifin arxiv fotolarını təqdim edib.
Tədbirdə o da diqqətə çatdırılıb ki, Azərbaycan kinosunun dəyərli nümunəsi olan “Bizim Cəbiş müəllim” filmi üzərində bərpa işi aparılıb.
Bu barədə danışan rejissor Vahid Mustafayev vurğulayıb ki, kinolentin 142 kadrı təmizlənib, bərpa işlərində 6 nəfərlik komanda çalışıb. “Ümumilikdə indiyədək 11 filmin bərpası həyata keçirilib. Onların arasında “Qayınana” filmi də var və yaxın günlərdə rəngli versiyası təqdim olunacaq”, - deyə o əlavə edib.
Əməkdar jurnalist Nadejda İsmayılova 1969-cu ildə “Bizim Cəbiş müəllim” filminin ilk premyerasında iştirak etdiyi xatirələrini bölüşərək deyib: “O vaxt yaradıcı heyət çox həyəcanlı idi. Hamısı gənc və istedadlı idi. Maqsud isə aralarında ən gənci idi və sonuncu olaraq səhnəyə çıxdı. Film o dövrdən bu günə qədər öz aktuallığını qoruyub və tamaşaçı sevgisi qazanıb”.
Xalq yazıçısı, kinodramaturq Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Ayaz Salayev Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb, onun yaradıcılıq fəaliyyətindən danışıblar.
Sonda Anna İbrahimbəyova təşkilatçılara və tamaşaçılara minnətdarlığını bildirib.
Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlərə baxış sentyabrın 13-dək davam edəcək.