
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-25 sentyabr tarixlərində keçiriləcək III Nəsimi Festivalının maraqlı təqdimatlardan biri “Zamansız və məkansız” sərgisi olacaq.
Festivalın ilk günü – sentyabrın 23-də Azərbaycan Milli Xalça Muzeyində açılacaq ekspozisiyada Nəsimi poeziyası və onun fəlsəfəsi, həmçinin sufi ənənələri və baxışları müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə təqdim olunacaq. Bu məqsədlə nümayiş üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir sənət inciləri seçilib.
Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında, Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri, eləcə də Ankaradakı Etnoqrafiya Muzeyi, İstanbul Türbələr Muzeyi, Konyadakı Mövlanə Muzeyindən gətirilən eksponatlar yer alacaq.
Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitab və digər qiymətli eksponatlar sərgilənəcək. Həmin sənət incilərinin hər biri sufi dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi yaxınlaşması və ruhi yüksəlişini izah edəcək.
Ekspozisiya oktyabrın 23-dək açıq olacaq.