AMEA-nın Rəyasət Heyətinin iclasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanmış eresurslar.info.az/bax veb səhifəsinin təqdimatı olub.
Bu barədə AMEA-dan məlumat verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Tədbirlər planı hazırlanaraq təsdiq olunub. Həyata keçirilən tədbirlərin davamı olaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş yeni elektron resurs hazırlanıb. Layihənin ideya müəllifli akademik İsa Həbibbəylidir.
“Bəxtiyar Vahabzadə Azərbaycanın milli istiqlal şairidir və Ulu Öndər Heydər Əliyevin daim hörmət bəslədiyi ziyalılardan biri olub. Ümummilli lider onu sovet hakimiyyətinin təqiblərindən daim qoruyub və dahi liderin azərbaycançılıq ideologiyasının həyata keçirilməsinə Bəxtiyar Vahabzadə şərəflə xidmət edib”, - deyə AMEA-nın prezidenti bildirib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov elektron resursu təqdim edib. Vurğulayıb ki, müasir texnologiyaların imkanları ilə hazırlanan platforma böyük sənətkarın zəngin irsini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.
Resursda Bəxtiyar Vahabzadənin avtobioqrafiyası, əsərləri, kitabları və şeirləri geniş şəkildə təqdim olunur. İstifadəçilər onun müxtəlif illərdə nəşr edilmiş “Seçilmiş əsərləri”, “Axı dünya fırlanır”, “Gülüstan poeması”, “Dərin qatlara işıq”, “Səməd Vurğun”, “Mənim dostlarım” və s. əsərləri, “Gəlin açıq danışaq...” məqalələr toplusu, “Fəryad”, “Bir baharın qaranquşu” kimi 80-dən artıq kitabı ilə tanış ola bilərlər. 14 adda əsərin ingilis dilində olan tərcüməsi də resursun “Şairin yaradıcılığı” bölməsində təqdim edilir.
MEK direktoru diqqətə çatdırıb ki, elektron bazada, həmçinin sənətkarın dövlət mükafatları, təltifləri barədə məlumatlar toplanıb. “Fotoyaddaş” bölməsində onun həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, video arxivdə isə çıxışları, müsahibələri və sənədli materiallar bir arada sistemləşdirilib. Burada, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar da yer alıb.
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elektron resurs AMEA Rəyasət Heyətinin üzvləri tərəfindən yüksək qiymətləndirilib.