Tarixdəki olaylar
11 sentyabr 1795 – Tiflis yaxınlığında gürcü çarı II İraklinin qoşunları ilə İran şahı Ağa Məhəmməd Qacarın qoşunları arasında döyüş olub. Qacarın qoşunları gürcüləri məğlub edərək Tiflisi ələ keçirib. Bir il sonra II İrakli Rusiya imperiyası ilə müqavilə bağladı və Kartli-Kaxetiya çarlığı Rusiyanın himayəsinə keçdi.
11 sentyabr 1952 – Qərbi Almaniya (AFR) Kansleri Konrad Adenauer və İsrailin Baş naziri Ben Qurion barışıq sazişi imzalayıb. Sazişə əsasən, Almaniya faşist idarəçiliyi dövründə yəhudilərə qarşı həyata keçirilmiş soyqırımına (Holokost) görə İsrail dövlətinə 300 milyon dollar təzminat ödəməli idi.
11 sentyabr 1973 – Çilidə hərbi çevriliş baş verib. General Auqusto Pinoçetin başçılıq etdiyi hərbi xunta Prezident Salvador Alyendeni qətlə yetirib. Pinoçet rejimi 1989-cu ilədək sürdü. Həmin ildə o, azad seçkilərə şərait yaradaraq hakimiyyətdən getdi.
11 sentyabr 2001 – ABŞ-də dəhşətli terror aktları baş verib. Terrorçu kamikadzelər tərəfindən qaçırılmış üç sərnişin təyyarəsindən ikisi Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin (World Trade Center) qoşa qüllələrinə, biri isə Vaşinqtonda Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) binasına çırpılıb. 3 minə yaxın insanın həyatına son qoyan terrora görə məsuliyyət Üsamə bin Ladenin “Əl-Qaidə” təşkilatının üzərinə qoyulub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
11 sentyabr 1862 – Amerika yazıçısı, novella janrının ustası O` Henri (əsl adı William Sydney Porter; 1862 – 5.6.1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.
11 sentyabr 1865 – Latviya şairi və dramaturqu Yan Raynis (əsl soyadı Pliekşans; 1865 – 12.9.1929) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.
11 sentyabr 1894 – Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Petroviç Dovjenko (1894 – 25.11.1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Aeroqrad” və s.
11 sentyabr 1885 – İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885 – 2.3.1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Göy qurşağı”, “Vurğun qadınlar”, “İtkin qız”, “Ledi Çatterleyin məşuqu”.
11 sentyabr 1903 – Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno; 1903 – 6.8.1969) anadan olub.
11 sentyabr 1913 – Xalq artisti, kinorejissor Muxtar Baba oğlu Dadaşov (1913 – 7.5.1998) anadan olub. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii filmlərin (“Yeni horizont”, “Arşın mal alan”) operatoru olub.
11 sentyabr 2001 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (15.3.1914 – 2001) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.
Hazırladı: Vüqar Orxan






















