Tarixdəki olaylar
10 sentyabr 1618 – Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin (1616–1618) nəticələrinə dair Mərənd sülh sazişi imzalanıb. Səfəvi dövləti XVI əsrin sonunda Osmanlı ilə müharibədə (1578–1590) itirdiyi torpaqların böyük hissəsini geri aldı. Bir müddət sonra (1625) tərəflər arasında yeni müharibə başlandı.
10 sentyabr 1939 – Azərbaycan SSR Ali Sovetinin Qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə və adlarında bir sıra dəyişikliklər edilib. Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak rayonu Hadrut (indiki Xocavənd rayonunun bir hissəsi), Corabərt rayonu isə Mardakert (indiki Ağdərə) adlandırılıb. Bundan əlavə, Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Hacıqabul qəsəbəsi Qazıməmməd adlandırılıb və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il Ağstafa və Ucar rayonları da yaradılıb.
10 sentyabr 1993 – ABŞ Prezidenti Bill Klinton Azərbaycan Ali Sovetinin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyevə məktub göndərib. Məktubda Amerika tərəfi Azərbaycan rəhbərliyindən Bakı-İcevan və Bakı-Naxçıvan dəmir yolunun bərpasını xahiş edirdi. Bunun müqabilində ABŞ rəhbərliyi Azərbaycana humanitar yardımları qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi (1992-ci ildə Konqresdə qəbul olunmuşdu) ləğvini vəd edirdi. Azərbaycan rəhbərliyi bu təklifi qəbul etmədi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 sentyabr 1901 – Əməkdar artist, vokalçı Qulam Məşədi Kazım oğlu İsgəndərov (1901 – 5.4.1975) Şamaxıda doğulub. Opera və Balet Teatrında çalışıb.
10 sentyabr 1912 – Danimarka karikaturaçısı Herluf Bidstrup (1912 – 26.12.1988) anadan olub.
10 sentyabr 1914 – Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914 – 14.9.2005) anadan olub. İki dəfə “Oskar” mükafatı alıb: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.
10 sentyabr 1917 – Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917 – 24.11.1994) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk aktrisalarından olub.
10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 – 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.
10 sentyabr 1934 – Türk mənşəli (Krım tatarı) Ukrayna bəstəkarı Alemdar Karamanov (1934–2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.
10 sentyabr 1935 – Şərqşünas Maqsud İbrahim oğlu Hacıyev (1935 – 2.3.2023) Quba rayonunun Gümür kəndində anadan olub. İran, əfqan ədəbiyyatına dair tədqiqatların müəllifi, tat və fars dilləri ilə bağlı lüğətlərin tərtibçisidir.
10 sentyabr 2015 – Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (11.6.1926 – 2015) vəfat edib. Gənc Tamaşaçılar Teatrında baş rəssam işləyib.
Hazırladı: Vüqar Orxan