Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümdə fransız dramaturqu Jan Batist Molyerin məşhur əsərlərindən birini – “Jorj Danden, yaxud aldanmış ər” komediyasını tamaşaçılara təqdim etməyə hazırlaşır.
Teatrdan bildirilib ki, məşqləri yeni başlanan səhnə əsəri, klassik komediyanın ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası və aktyor oyunu ilə daha da zənginləşdirilərək təqdim olunacaq.
Əsərdə kəndli təbəqəsindən olan, lakin var-dövlət vasitəsilə zadəgan ailəsinə kürəkən olmuş şəxsin faciəvi-komik həyat hekayəsi təqdim olunur, sosial təbəqələrarası uyğunsuz evliliklərin doğurduğu nəticələr, ailə və cəmiyyət münasibətləri incə satirik dillə tənqid edilir.
Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümid Abbaszadə, quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Vüsal Namazlı, xoreoqrafı Kamil Ağazadə, rejissor assistentləri Fazilə Rzayeva və Ləman Məmmədlidir.
Əsəri Azərbaycan dilinə mərhum Xalq yazıçısı Elçin tərcümə edib.
Yeni tamaşada Əməkdar artistlər Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Habil Xanlarov, İlahə Səfərova, Aynur Hümbətova, Məryəm Hüseynli, Mətləb Səfərli, Əjdər Zeynalov, Gülnarə Qədirova, Vəfa Qurbanova, Kamran Muradlı, Şəmistan Süleymanlı, Elay Xasiyev, Günəş Bağırsoy, Elmir Mehdiyev, Emil Həmidov və Şəhriyar Aşkari rol alıblar.
Premyeranın ilin sonuna qədər keçirilməsi planlaşdırılır.