Tarixdəki olaylar

 

9 sentyabr 1942 – SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Azərbaycan SSR ərazisində hərbi vəziyyət elan edilib. Bu vaxt Almaniya qoşunları Qafqaz dağlarında idi və Bakı üzərinə hava reydləri həyata keçirilirdi.

 

9 sentyabr 1948 – Koreya Xalq Demokratik Respublikası yaranıb. II Dünya müharibəsindən sonra Yaponiyanın işğalından azad edilən Koreya yarımadası SSRİ və ABŞ-nin (38-ci paralel üzrə) nəzarətinə keçmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

9 sentyabr 1583 – İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi; 1583–1643) anadan olub.

 

9 sentyabr 1828 – Rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 – 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Canlı meyit” (pyes) və s.

 

9 sentyabr 1908 – İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese; 1908–1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.

 

9 sentyabr 1913 – Türk rəssam, səhnə tərtibatçısı, teatr rejissoru və pedaqoq Tarık Levendoğlu (1913 – 8.9.1978) anadan olub.

 

9 sentyabr 1937 – Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937 – 13.6.2009) anadan olub. Səməd Vurğunun Bakıdakı ev-muzeyinin baş mühafizi və direktoru işləyib.

 

9 sentyabr 1939 – Xalq artisti İrina Aleksandrovna Perlova (1939 – 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktrisa, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib. 

 

9 sentyabr 1995 – Yazıçı Rahim Həmdulla oğlu Dünyamalı (18.12.1948 – 1995) vəfat (intihar) edib. “Bir gecənin bəyazlığı”, “Tərsinə addımlayan kölgələr” və s. əsərlərin müəllifidir. 

 

9 sentyabr 1991 – Dünyaşöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 – 9.9.1991) vəfat edib. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.

 

9 sentyabr 2014 – Xalq artisti İbrahim Əhməd oğlu Məmmədov (Bənəniyarlı; 22.12.1934 – 2014) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

 

9 sentyabr 2022 – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova (12.7.1940 – 2022) vəfat edib. Tamaşalara, filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqi yazıb, mahnıların müəllifidir.

Hazırladı: Vüqar Orxan