
Şəki Dövlət Dram Teatrı yeni mövsümü sentyabrın 14-də Bəxtiyar Vahabzadənin “Dar ağacı“ pyesinin tamaşası ilə açacaq.
Teatrdan verilən məlumata görə, tamaşa Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə səhnələşdirilib.
Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir.
Tamaşaya teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Quruluşçu rəssam və geyim üzrə rəssam Nicat Məmmədovdur. Musiqi tərtibatı mərhum bəstəkar, Xalq artisti Aqşin Əlizadəyə, mahnıların bəstəsi Xatirə Orucovaya, səhnə döyüşlərinin quruluşu Sahib Novruzova, baletmeyster işi Çingiz Novruzəliyevə, vokal hazırlığı Fərqanə Salamovaya məxsusdur.
Rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev, Cavidan Eminov (ərəb əsgərləri) ifa edirlər.