Xəbər verdiyimiz kimi, 3–7 sentyabr tarixlərində Bakıda 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı keçirilib.
Nizami Kino Mərkəzində festivalın bağlanış mərasimi olub.
Tədbirdə festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov çıxış ediblər.
Rəşad Əzizov animasiya filmlərinin sayının artmasının və bu cür festivallar vasitəsilə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb.
Sonra “Ən yaxşı qısametrajlı animasiya”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya”, “Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya”, “Ən yaxşı qısametrajlı tələbə animasiya”, “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” və digər nominasiyalar üzrə mükafatçılar elan olunub.
Böyük Britaniyadan olan münsiflər heyətinin nümayəndəsi Aaron Vud festivalla bağlı təəssüratını bölüşüb. Bakıya üçüncü dəfə gəldiyini deyən qonaq bu il festivalda daha fəal iştirak etmək imkanı olduğunu bildirib: "Pişiklər mövzüsunda xüsusi nümayişə nəzarət etmək mənim üçün maraqlı təcrübə idi. Animasiya viktorinası iştirakçıları bir araya gətirən, həm əyləncəli, həm də maarifləndirici sosial tədbir kimi diqqət çəkdi...", – deyə o əlavə edib.