Tarixdəki olaylar
8 sentyabr 1380 – Don çayının sahilindəki Kulikovo çölündə rus knyazlıqları ilə Qızıl Ordanın qoşunları arasında döyüş olub. Vladimir və Moskva knyazı Dmitri İvanoviçin ordusu Qızıl Orda xanı Mamayın başçılıq etdiyi qoşunları məğlub edib. Bundan sonra Qızıl Ordanın rus knyazlıqları üzərində hökmranlığı zəifləsə də, daha yüz il (1480-ci ilədək) sürdü.
8 sentyabr 1991 – Azərbaycanda ilk prezident seçkiləri keçirilib. Əksər siyasi qüvvələrin boykot etdiyi və alternativ namizədin olmadığı seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib. Ayaz Mütəllibov ondan öncə, 1990-cı ilin mayında prezident vəzifəsinə seçilmişdi.
8 sentyabr 1998 – Bakıda tarixi İpək Yolunun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib. 32 ölkənin, 12 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında müqavilə imzalanıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
8 sentyabr 1830 – Fransız şairi Frederik Mistral (Frederic Mistral/Mistrau; 1830 – 25.3.1914) anadan olub. 1904-cü ildə ispan dramaturqu Xose Eçerqay-i-Eysagirre ilə birlikdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.
8 sentyabr 1841 – Çex bəstəkarı Antonin Leopold Dvorjak (1841 – 1.5.1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida” və s.), 9 simfoniya, 5 simfonik poema və başqa əsərlərin müəllifidir.
8 sentyabr 1903 – Əməkdar artist Dadaş Kamil oğlu Şaraplı (Məmmədov; 1903–1959) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub.
8 sentyabr 1906 – Xalq artisti Yelena Vladimirovna Taryeva (1906 – 24.7.1962) Odessada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1938-ci ildən) olub.
8 sentyabr 1923 – Dağıstanın Xalq şairi Rəsul Həmzətov (1923 – 3.11.2003) anadan olub. Milliyətcə avardır. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar bəstələnib. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb.
8 sentyabr 1937 – Türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur; 1937 – 28.6.2022) anadan olub. 300-dək filmdə çəkilib.
8 sentyabr 1949 – Əməkdar incəsənət xadimi Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (1949 – 9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb. “Üzeyir ömrü” (1981) filmində çəkilib.
8 sentyabr 1982 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909 – 1982) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi” filmində M.Ş.Vazeh rolunda çəkilib.
8 sentyabr 2015 – Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (28.5.1927 – 2015) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Filmlərdə musiqiləri ifa edib.
Hazırladı: Vüqar Orxan