Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda fəaliyyət göstərən arxeoloji ekspedisiyanın üzvləri ilə müşavirə keçirib. Tədbirdə AMEA-nın akademik-katibi Arif Həşimov, Qəbələ qoruğunun, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının əməkdaşları, arxeoloq-alimlər iştirak ediblər.
Toplantıda çıxış edən akademik İsa Həbibbəyli qədim Qəbələ şəhəri yerinin UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsini əhəmiyyətini vurğulayıb. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində aparılan arxeoloji qazıntı işlərindən bəhs edən akademik burada yaradılan müasir tipli infrastruktura və iş şəraitinə görə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın və qoruğun əməkdaşlarının göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov qoruq haqqında ətraflı məlumat verib. Qədim Qəbələ şəhərinin Qafqaz Albaniyasının ilk paytaxtı olduğunu bildirən qoruq rəhbəri nəzərə çatdırıb ki, ilkin siyahı – UNESCO-nun Dünya İrs Siyahısına daxilolmanın birinci mərhələsidir və sonrakı prosedurların həyata keçirilməsində arxeoloqlarla birlikdə üzərimizə düşən vəzifələri lazımi səviyyədə həyata keçirəcəyik.
Tədbirdə Milli Məclisin deputatı Elçin Mirzəbəyli, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, institutun İslam arxeologiyası şöbəsinin müdiri professor Qafar Cəbiyev və başqaları çıxış edərək Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda aparılan arxeoloji tədqiqatlar və qarşıda duran vəzifələr haqqında danışıblar.
Akademik İsa Həbibbəyli və müşavirə iştirakçıları qoruq ərazisindəki abidələrlə, aparılmış qazıntı işlərinin mövcud vəziyyəti ilə tanış olublar.
Uzun illər bu ərazidə arxeoloji qazıntılar aparmış AMEA-nın müxbir üzvü İlyas Babayevin xidmətləri ehtiramla yad edilib.
Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, Qəbələ-Cənubi Koreya birgə arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli arxeoloji abidələrlə əlaqədar və qazıntıların gedişi haqqında geniş məlumat verib.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev Qəbələdə qazıntı işlərində Cənubi Koreya arxeoloji ekspedisiyası ilə beynəlxalq əməkdaşlığın nəticələrini diqqətə çatdırıb.
Müzakirələr zamanı növbəti ildən Qəbələdə tədqiqat prosesində arxeoloqlarla yanaşı, tarixçi və etnoqrafların, dilçi və folklorçu-alimlərin də tədqiqatlara cəlb edilməsinin zəruriliyi haqqında təkliflər səsləndirilib və icra üçün qəbul olunub.