Qazax Ədəbiyyat Muzeyində ustad aşıq Kərəm İncəlinin (Kərəm Nəsibov; 1945-1995) 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə çıxış edənlər Kərəm İncəlinin həyat və yaradıcılığı haqqında söz açıblar.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev aşıq sənətinə həmişə yüksək diqqət və qayğı göstərib, bu gün dövlətimizin başçısı tərəfindən bu siyasət davam etdirilir. Bildirilib ki, 50 yaşında ömrünü başa vuran Kərəm İncəli yaddaşlarda silinməz iz qoyub. Aşıq Kamandarın tələbəsi olmuş Kərəm İncəli ustadının sənətini layiqincə davam etdirib.
Sonda çıxış edən aşığın oğlu Valeh Nəsibov saz-söz sənətinə göstərilən diqqətə, qayğıya, atasının 80 illiyinə həsr olunmuş yubiley tədbirinin təşkilinə görə minnətdarlığını bildirib.
Tədbirdə aşıqların ifasında el havaları səsləndirilib.