Qazax Ədəbiyyat Muzeyində ustad aşıq Kərəm İncəlinin (Kərəm Nəsibov; 1945–1995) 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə gerçəkləşib.
Yubiley tədbirində rayonun icra başçısı Rəcəb Babaşov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Qazax-Tovuz RMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Səbuhi Xasməmmədov, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakı Dövlət Universitetinin Qazax Filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimləri, mədəniyyət işçiləri, aşığın ailə üzvləri, digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər Kərəm İncəlinin həyat və yaradıcılığı haqqında söz açıblar.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev aşıq sənətinə həmişə yüksək diqqət və qayğı göstərib, bu gün dövlətimizin başçısı tərəfindən bu siyasət davam etdirilir. Bildirilib ki, 50 yaşında ömrünü başa vuran Kərəm İncəli yaddaşlarda silinməz iz qoyub. Aşıq Kamandarın tələbəsi olmuş Kərəm İncəli ustadının sənətini layiqincə davam etdirib.
Sonda çıxış edən aşığın oğlu Valeh Nəsibov saz-söz sənətinə göstərilən diqqətə, qayğıya, atasının 80 illiyinə həsr olunmuş tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Aşıqların ifasında el havaları səsləndirilib.