Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cü mövsümün başlanması ilə əlaqədar yaradıcı heyətlə görüş keçirilib.

Teatrın direktoru Aqil Bəhramlı bu münasibətlə kollektivi təbrik edib, yaradıcılıq uğurları arzulayıb.

Ötən mövsüm görülən işlərdən bəhs edən direktor bundan sonrakı sənət planlarından da söz açıb: “Musiqili Teatrın ötən mövsümündə müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda, xarici ölkələrdə təşkil olunan bir sıra festivallarda iştirak edib. Bu mövsümdə də yeni tamaşalarımızın premyeraları olacaq, bəzi retro səhnə əsərlərimizə də yeni quruluş veriləcək”.

Aqil Bəhramlı bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunmuş Xalq artisti Afaq Bəşirqızını kollektiv adından təbrik edib, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli də çıxış edərək aktrisanın yaradıcılıq fəaliyyətindən danışıb, onu layiq görüldüyü ali təltif münasibətilə təbrik ediblər.

Afaq Bəşirqızı göstərilən diqqət və qayğıya görə ölkə başçısına və onu sevən hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, Akademik Musiqili Teatr yeni mövsümü sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günündə dahi bəstəkarın "O olmasın, bu olsun" operettasının tamaşası ilə açacaq.