Sentyabrın 9-dan 14-dək Qazaxıstanın Aktau şəhərində "Türk Dünyasının Mədəniyyət Paytaxtı – 2025” layihəsi çərçivəsində “Nomad Puppet" ("Köçəri Kukla") adlı I Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.
Festivalda Azərbaycan Dövlət Kukla Teatrı da iştirak edəcək. Teatrdan bildirilib ki, festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə gerçəkləşəcək.
Yaradıcı heyət sənət bayramında tarixi irsimiz, soy-kökümüzlə bağlı olan “Yalquzaq” tamaşasını nümayiş etdirəcək.
Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.
Rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.
Səhnə əsəri düşmənlər tərəfindən yandırılaraq məhv edilmiş türk qəbiləsindən təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən xilas olunması və böyüdülməsindən bəhs edir. Tamaşa vasitəsilə insanlarla heyvanların, ümumiyyətlə, vəhşi təbiətlə cəmiyyətin təması ön plana çəkilir. Yalquzağın timsalında onların insan övladına mərhəməti, həmçinin düşmənlərə qarşı güclü və ədalətli varlığa çevrilməsi də təsvir olunur.
Qeyd edək ki, tanınmış teatr mütəxəssislərindən ibarət münsiflər heyəti qarşısında oynanılacaq tamaşalar müxtəlif mükafatlarla (o cümlədən “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor ansamblı”, “Ən yaxşı aktyor”, “Ən yaxşı kuklacı” və s. nominasiyaları üzrə) dəyərləndiriləcək.